Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var - RƏSMİ

ÜMİDTV.com: Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən bu gün, saat 08:00 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində yeddi nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirilib, o cümlədən, mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən, yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.