“6 nəfər həmin evdə bərbad şəraitdə yaşayırıq...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

“Vətən müharibəsində yaralanmışam, ikinci qrup əliləm

“6 nəfər həmin evdə bərbad şəraitdə yaşayırıq...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

“Vətən müharibəsində yaralanmışam, ikinci qrup əliləm. Buna görə iş qabiliyyətim də itib, 2 azyaşlı uşağımla qardaşımın himayəsində qalıram. Dəfələrlə müraciət etsəm də, mənə ev verilmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Daşkəsən rayonunun Qalaqtəpə kəndindən olan Vətən müharibəsi qazisi Xəyal Budaqov müraciət edib.

Qazi deyir ki, qaldığı evdə yaşamaq mümkün deyil: “Həyat yoldaşım, uşaqlarım, anam, bacım və qardaşımla birlikdə ikiotaqlı evdə yaşayırıq. Ev də çox bərbad vəziyyətdədir, yaşamağa şərait yoxdur. Maddi imkanımız yaxşı deyil. Pensiya alıram, evdə işləyən yoxdur. Hazırda hava çox soyuq olduğuna görə evi qızdıra bilmirik, yoldaşım məcburiyyətdən uşaqlarla bərabər atasıgildə, mən qardaşımın yanında qalıram. Uşaqlarım azyaşlıdır - 2 və 4 yaşlarındadır. Harada olur-olsun, bir ev verilsə, ailəmi götürüb yaşayaram”.

X. Budaqov deyir ki, aidiyyəti qurumlara müraciət etsə də, problemi həll olunmayıb: “Daşkəsən Rayon İcra Hakimiyyətinə, Müdafiə Nazirliyinə - hər yerə müraciət etmişəm. Deyirlər ev veriləcək, gözləyin. Amma nə qədər gözləyək?!

Müharibədə Xocavənd istiqamətində noyabrın 9-da snayperlə vurulmuşam. 2 güllə döş qəfəsimə dəymişdi. Ağciyərimdən qəlpə yaraları aldım, güllə ciyərimi deşib qarın boşluğuma keçib. Vəziyyətim çox ağır idi. Məni əvvəlcə Füzulidə hospitala çatdırıblar, orada ilkin yardımdan sonra Bakıya Hərbi Hospitala gətiriblər. Lakin çox ağır vəziyyətdə olduğuma görə xəstəxana məni qəbul eləməyib. Daha sonra özəl klinikaya yerləşdirildim və orada məni sağaltdılar. Elə o vaxt ikinci qrup əlillik təyin edildi”.

Poblemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda onlar qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər: “Vətən müharibəsi əlili Xəyal Maarif oğlu Budaqov Daşkəsən Rayon İcra Hakimiyyətinin 7 dekabr 2021-ci il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınıb. Xəyal Budaqovun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən də bənzər cavab aldıq: “Xəyal Budaqov ev növbəsinə götürülüb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. 2025-ci ilə qədər evlə təmin olunacaq”.

Qeyd edək ki, X. Budaqov 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlananda könüllü cəbhəyə yollanıb. Döyüşdə göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.