Göyçay sakinlərinin həyatı təhlükədə - SON DƏQİQƏ

ÜMİDTV.com: Mayın 8-də axşam saatlarında Göyçay çayında suyun səviyyəsi artıb. Nəticədə Göyçay çayına gələn sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki avtomobil körpüsü üçün qismən təhlükə yaradıb.
Yaranmış təhlükə ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev özünəməxsus açıqlamasında bildirib ki, "hazırda çayda sel axını davam edir, lakin avtomobil körpüsünün çökmək təhlükəsi yoxdur, dayaqlar möhkəmdir".
O, Göyçay çayında suyun sürətinin azaldılması və sel sularının körpüyə, eləcə də çay kənarı torpaqlara ziyan vurmaması üçün çay yatağında inşa edilən əvəzləyici sol beton sınma qolda su sızmasının baş verdiyini bildirib:
Qeyd edib ki, “bu gün axşam saatlarında çayda suyun səviyyəsinin artması insanların marağına səbəb olub və sakinlər körpünün üstünə toplaşıblar. Biz vəziyyətlə əlaqədar körpüyə baxış keçirdik, orada təhlükəli hal aşkar etmədik. Körpünün altında, yəni çayın yatağındakı sol beton sınma qolunda baş verən su sızmasının qarşısının alınması üçün təcili tədbirlər görüləcək. “Körpübinatikinti” ASC-nin tikinti briqadası sabah Göyçaya gələcək, çay yatağındakı beton plitələrdə su sızmasının qarşısının alınması üçün yenidən betonlama işləri görüləcək”.
Qeyd edək ki, 2 il bundan əvvəl Bakı-Şamaxı-Yevlax avtomagistralının Göyçay rayon ərazisində olan əsas körpülərindən biri sel sularına tab gətirməyib uçmuşdur. Nəticədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 9 nəfər sahibkar barəsində cinayət işi başlanaraq, 6 nəfəri dərhal həbs olunmuşdu.3 nəfərin isə cinayət əməllərini sel suları yuyub aparmışdı. Yəni 3 nəfər günahsız kimi qeyd olunmuşdur.İndi qarşıda duran əsas məsələ keçmişi vərəqləmək yox bicarə körpünün taleyinə yanmaqdı.
Unutmayaq ki, ölkə Prezidenti 2018-ci il tarixli Sərəncamı ilə uçmuş körpünün bərpasına 3.5 milyon manat vəsait ayırmışdı. Ehtimal olunur ki, ayrılan vəsaitdən təxminən 300 min manat körpünün bərpası üçün sərf olunub. Yəqin geridə qalan pulu sel suları yuyub aparıb. Nəticə olaraq, hadisə ilə bağlı Bakı şəhərindən komissiya qrupunun gələcəyi gözlənilir.
Ümid edirik ki, yaranmış problem tez bir zamanda öz müsbət həllini tapacaq.
Səbuhi Eltonlu , Ümid Tv Göyçay