FLAŞ XEBER

Şəkidə qədim Albaniyaya aid yeni dəfn adətləri aşkarlandı

Şəkidə qədim Albaniyaya aid yeni dəfn adətləri aşkarlandı

Şəkidə qədim Albaniyaya aid yeni dəfn adətləri aşkarlandı

Arxeoloqlar Şəkidə qədim Albaniyaya aid yeni dəfn adətlərini aşkar ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Oxu.Az-a verilən məlumata görə, 2020-ci ilin 4-cü rübündə Dövlət Turizm Agentliyinin sifarişi ilə Şəkidə Kiş Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 70 gün ərzində arxeoloji və antropoloji tədqiqatlar aparılıb.

Tədqiqatlar nəticəsində Kiş-Doxun qəbiristanlığında antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkar olunub ki, bunlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura sahibdir. 1 nömrəli qazıntı sahəsinin şimal hissəsindən Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv dəfn aşkar edilib. Beş insan kəlləsi və sümükləri küpün içərisində olmaqla yanaşı, həm də ətrafındadır. Ondan əlavə, beli üzərində uzadılmış bütöv skelet də var.

Bir sıra xüsusiyyətlərinə görə bu uzadılmış dəfn Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri – nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxıb. Həmin qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olunub.

2 saylı qazıntı sahəsinin 2 nömrəli qəbirində yenə kollektiv dəfn olunmuş qəbir aşkar edilib. Buradan antik dövrə aid saxsı qablar, böyük dairəvi, oval və aypara formalı tunc asma və tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, tunc zəncirlər, dəmir və tunc qolbaqlar, dəmir nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu göz muncuğular əldə olunub.

Qəbir 3 müxtəlif qatdan (yarusdan) ibarət idi. Üst qatda böyük küpün içində və ətrafında insan sümükləri pərakəndə halda aşkar edilib. Qəbirin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümükləri yenə də pərakəndə halda qeyd olunub. Buna baxmayaraq, qəbirin bütün avadanlıqları yerində idi. Həmin qəbirin yanında tədqiq olunmuş o dövrə aid ayin yerində sarmat tipli damğalı böyük küpələrin fraqmentləri üzə çıxarılıb.

Tədqiq olunan qəbirlər əldə edilmiş keramika nümunələrinə görə b.e. I-III əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində təmamilə yeni bir səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisə olunaraq təhlil ediləcək.

Əldə olunmuş materiallar kompleksinin fotoları AutoCAD proqramında dəqiq qrafik təsvirləri çəkilərək sənədləşdiriləcək. Nekropolun dron çəkilişi vasitəsi ilə ortofotoplanı hazırlanıb. Tapılan nümunələr analizlər üçün beynəlxalq laboratoriyalara göndəriləcək və tədqiqatın nəticələri beynəlxalq indeksli jurnallarda nəşr ediləcək.

Ümumiyyətlə, Doxun nekropolu qədim Albaniyanın arxeologiyasının və tarixinin öyrənilməsində unikal bir rol oynayır. Regionda təkrarı olmayan antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Burada müxtəlif mədəniyyətlərin Albaniyada bir-biri ilə rastlaşması da müşahidə olunur. Cənubi Qafqaz sənət numunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunub.

Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.