2020-ci ildə BTC ilə dünya bazarına nəql edilən neftin həcmi məlum oldu

ÜMİDTV: NBakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci il ərzində 210 milyon barelə yaxın neft nəql edib.
Oxu.Az-ın “BOTAS International Limited”in rəsmi internet səhifəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin əvvəlindən noyabr ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 278 tankerə yüklənərək, dünya bazarına yola salınıb.
BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 571,1 milyon barelə yaxın neft nəql edilib. Bu neft 4 min 659 tankerə yüklənərək, dünya bazarlarına çıxarılıb.
Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur.
Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.