Qobu sakinlərinə şad xəbər -FOTO

ÜMİDTV: Abşeron rayonunda həyata keçirilən quruculuq-abadlıq işlərinin davamı olaraq rayonun kənd və qəsəbələrinin mərkəzi küçə və prospektləri də asfaltlanır. Qeyd etmək lazımdır ki, bu məqsədlə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident Aparatı qarşısında məsələ qaldıraraq 23 küçənin asfaltlanmasında köməklik göstərilməsini xahiş etmişdi. Bundan sonra vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrasına başlanıldı.
İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, bu istiqamətdə də işlərin böyük hissəsi artıq başa çatmışdır. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.
Qeyd edək ki, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsinin 4 küçəsində Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələrində də təmir-tikinti işləri həyata keçirilib. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bundan başqa sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər Sabir küçəsində də yenidənqurma işləri görülüb. Lakin Qobu kəndində həyata keçirilən bu işlər tam başa çatdırılmamışdır. Bu da haqlı olaraq Qobu sakinlərinin narazılığına səbəb olmuş və bhununla bağlı öz fikirlərini Abşeronb Rayon İcra Hakimiyyətinə bildirmişlər. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədi ilə və təmir-tikinti, asfaltlanma işlərinin tez bir zamanda başa çatdırılması üçün Abşeron RİH başçısı İradə Gülməmmədova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi ilə əlaqə saxlamış və sözügedən işlərin başa çatdırılmasını xahiş etmişdir. Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi də Qobu qəsəbəsində görülən işlərin 1 ay müddətində başa çatdırılacağını bildirmişdir.