İcra Başcısı şəhidin doğum günündə onun məzarını ziyarət edib və ailəsi ilə görüşüb .

ÜMİDTV: İradə Gülməmmədova şəhidin doğum günündə onun məzarını ziyarət edib və ailəsi ilə görüşüb
Bu gün II Qarabağ müharibəsində qəhrəmancasında döyüşərək şəhid olan Sadıxov Rahid Vahid oğlunun doğum günüdür. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və ictimaiyyət nümayəndələri şəhidin uyuduğu Saray qəsəbəsindəki Şəhidlər Abidəsini ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.
Bildirilib ki, 13.02.2001-ci ildə anadan olan Rahid Sadıxov Vətən müharibəsi zamanı Talış kənd və Suqovuşan qəsəbəsində gedən döyüşlərdə iştirak edir. Yaralıların döyüş bölgəsindən çıxarılması, onlara ilk yardımın göstərilməsi, düşmənin döyüş texnikasının məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib. Sentyabrın 28-də düşmən üzərinə hücuma keçərkən namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Döyüşçü dostları onu igid, cəsarətli, savadlı, verilən hərbi tapşırıq və əmrləri vaxtında və yüksək səviyyədə yerinə yetirən bir qəhrəman kimi xarakterizə edirlər. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
İcra başçısı şəhidin ailə üzvləri və anası Sənübər xanımla görüşərək onların qayğıları, problemləri ilə maraqlanıb.
Şəhid anası dövlət tərəfindən daim diqqət və qayğı gördüyünü, ümumilikdə ölkədə müharibə iştirakçılarının hamısına xüsusi yanaşıldığını vurğulayaraq buna görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib. RİH tərəfindən tez-tez problemləri ilə maraqlanıldığını vurğulayaraq lazimi köməkliklərin göstərildiyini qeyd edib.
Allah şəhidlərimizə rəhmət eləsin.
Müqabil Hüseyin