Bütün dünyaya mesaj: TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR!

26 fevral 2021-cı il…
Xocalı soyqırımının 29-cu ildönümü günü… Erməni faşizminin Azərbaycan xalqına, bəşəriyyətə, insanlığa qarşı törətdiyi ən qanlı, ən faciəvi qətliam günü.
Məhz belə bir gündə dünyanın dörd bir yanından media mənsubları Bakıya toplaşıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirilən mətbuat konfransında 35-dən artıq media qurumunun suallarını cavablandırır. Dünya ölkəmizin birinci şəxsindən Azərbaycan həqiqətlərini eşidir, dünya Xocalının ağrı-acısını, 30 il erməni qəsbkarlarının tapdağı altında olan torpaqlarımızın iniltisini hiss edir, dünya haqq savaşındakı Qələbəmizə aparan Zəfər yolumuz barədə məlumat alır. Və Prezidentimiz bir daha dünyaya bəyan edir ki, Azərbaycan yalınz deyil, Türkiyə Azərbaycanın yanındadır.
44 günlük Vətən Müharibəsində qardaş Türkiyə dövlətinin kütləvi informasiya vasitələri nümayəndələri torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşını obyektiv işıqlandırdılar. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarımızı düşmənin raket və artilleriya atəşinə tutması, dinc və günahsız insanların qətlə yetirilməsi barədə operativ və dolğun məlumatlar həm Türkiyə, həm də dünya mətbuatında yer aldı. Bu informasiyalar sanki dünyanı qəflət yuxusundan oyatdı, yenidən erməni yalanlarına uymaqdan qorudu.
Ali Baş Komandanımız Türkiyənin “Yeni Şəfəq” qəzetinin sualını cavablandırarkən söylədi : “Türk Silahlı Quvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Ortaq Mərkəzin yaradılması Türk Silahlı Quvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu, tarixi hadisə sayıla bilər. Bu bizi çox məmnun edir.”
Bəli, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın, iki qardaş ölkədir. Biz ay-ulduzlu muqəddəs bayraqlarımızın hər zaman qoşa dalğalanmasından qürur duyuruq.
Hüsaməddin Abbasov / Lerik