Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir - MALİK BALAŞOV - Yardımlı

ÜMİDTV: Vətən müharibəsində qazandığımız tarixi qələbədən dörd aya yaxın bir vaxt keçmişdir. Artıq Azərbaycan azad olunmuş tarixi torpaqlara böyük qayıdışın astanasındadır. Amma, ilk növbədə, bölgədə həyatı əvvəlki axarına qaytarmaq üçün bərpa və yenidənqurma işləri aparılmalıdır. Sadalanan layihələrin icrası üçün qüvvələr səfərbər olunmuş, bərpa işlərinə start verilmişdir.
Azərbaycan Şərqlə Qərbin qovşağunda yerləşən inkişaf etmiş bir dövlətdir. Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması deməkdir. Bu da öz növbəsində ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Təkcə Zəngəzur dəhlizinin açılması həm Azərbaycan üçün, həm də Ermənistan daxil bütün region ölkələri üçün geniş iqtisadi imkanlar açır.
Gələcəkdə bu dəhlizin Transxəzər iqtisadi əlaqələrin qurulmasında rolu da danılmazdır. Təbii ki,bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi və siyasi nüfuzunu daha da artıracaq. Azərbaycan ikinci Qarabağ müharibəsi – qalibiyyətli Vətən müharibəsndəki tarixi qələbəsi ilə Qərbə və Şərqə çıxışın qovşağında yerləşən və əzəli torpağı olan Qarabağı azad etməklə qonşu ölkələr sırasında özünün geosiyasi və geoiqtisadi kursunu daha çox dəqiqləşdirmək imkanı qazandı. Eləcə də bu qələbə ilə Azərbaycan iqtisadi potensialı ilə yanaşı, bölgədə əsas güc mərkəzinə də çevrilməsini isbatlamış oldu. Bütün bunlar ərazi bütövlüyünü bərpa edən Azərbaycana regional, daha çox da beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosialmədəni üstünlüklər qazandırdı.
Bu gün Azərbaycan işğaldan azad etdiyi Qarabağ regionunun iqtisadi potensialını və milli təbii resurslarını həqiqi sahibi olan Azərbaycan xalqına qaytarmaqla Cənubi Qafqazın çox güclü ölkəsinə çevrilib. Belə ki, hazırda Azərbaycan Cənubi Qafqazın insan resurslarının 60 faizinə, yanacaq-enerji, dağmədən, təbii-mineral və münbit torpaq resurslarının 90 faizinə, iqtisadi potensialın isə 80 faizinə malik olub.Bütün bunlar göstərir ki, Qarabağ regionu da daxil olmaqla Azərbaycanda müasir, mütərəqqi sənaye və aqrar istehsalla yanaşı, çox əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək imkanları daha da artıb. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Qarabağ bölgəsində də logistika və ticarət mərkəzlərinin yaradılması ilə bölgənin və bütünlüklə ölkənin ictimai həyatının bütün sahələrinin cəlbediciliyini artıracaqdır
Malik Balaşov- Yardımlı ziyalısı