YARDIMLININ 84 YAŞINDA ÖLDÜRÜLƏN “ZİRVƏ”si… – amansız “qətl”in GİZLİNLƏRİ

ÜMİDTV: Demək bizdən, “qatil”i tapmaq sizdən…
1936-cı ildən Yardımlı rayonunda “Vərgədüz kolxozçusu” adıyla başlayıb, 2020-ci ilə qədər “Zirvə” adıyla tanınan Yardımlının yeganə qəzeti artıq bir iki nəfərin mənafeyi naminə qurbana çevrilərək fəaliyyətinə xitam verilib. 84 yaşında namərdcəsinə “qətlə” yetirilən qəzet artıq bir ildən çoxdur ki, arxivə çevrilib. Qəzetin fəaliyyətinin dayandırılması nəinki Yardımlı ictimaiyyətinə, ziyalılarına, hətta dövlətə və dövlətçiliyə qarşı da böyük bir xəyanətdir.
Nə idi qəzetin günahı!? Qəzetdə dərc olunan dövlət siyasətinin maraqlarına uyğun məqalələrmi, gənc istedadların təbliği ilə rayon gənclərində ruh yüksəkliyi yaradılmasımı, bir-iki nəfər jurnalistin və ya redaksiya işçisinin yüngülvari əmak haqqı alıb balalarına çörək aparmasımı…!? Bəlkə Yardımlıda jurnalist, yazar, hüquqşunas çatışmamazlığı var idi!? Xeyr, əslində faiz nisbətlə götürsək Yardımlıda həmin peşə sahiblərinin sayı ölkə üzrə ön sıralardadır. Amma səriştəsiz rayon rəhbərliyinin fəaliyyəti nəticəsində həmin peşə sahibləri axırdan birinci yerdə qərarlaşıblar. Qaranlıq qalan məsələlər, məqamlar, suallar çoxdur. Bu məqamlara, suallara aydınlıq gətirmək elə də çətin məsələ deyil. Görünür qəzetin fəaliyyət göstərməsi rayon rəhbərliyinə sərf etmir…
Onu da qeyd edək ki, 44 günlük “Dəmir yumruq”əməliyyatı zamanı ölkəmizdə internetə məhdudiyyətlər qoyulmuşdu. Bax həmin dövrdə qəzetin olmaması, rayon camaatının hadisələrdən məlumatsızlığı müharibə həyəcanını birə-beş artırırdı. Xalq təşviş içində idi. Ən azından qəzet vasitəsilə rayon rəhbərliyi Ali Baş komandanın başçılığı ilə aparılan “Dəmir yumruq”əməliyyatı haqqında silsilə açıqlamalar, məlumatlar verməklə xalqda ruh yüksəkliyi yarada bilərdi. Amma çi-fayda…
Çətin, kasıb dövrlərdə, vaxtlarda əzmlə, yorulmadan çalışan bir qəzetin dünyanın bu gümrah vaxtında, dövlətin çiçəklənən bir vaxtında fəaliyyətinin dayandırılması, hansısa məmurun şəxsi mənafeyi naminə qurban verilməsi, ictimaiyyətə, gəncliyə, dövlətə və dövlətçiliyə qarşı xəyanətdən, təhqirdən başqa bir şey deyil…