Sahibə Qafarova: “Silahlı qüvvələrimiz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir”

Sahibə Qafarova: “Silahlı qüvvələrimiz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir”

Sahibə Qafarova: “Silahlı qüvvələrimiz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir”

ÜMİDTV:      “Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Sədri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə çıxışında deyib.

 

O bildirib ki, Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib: “Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarıb və ruhunu təzələyib. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq”.

 

S.Qafarovanın sözlərinə görə, Azərbaycan xalqı əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq: “Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək”.

 

Milli Məclisin sədri vurğulayıb ki, bu gün silahlı qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdəliyinə düşən vəzifələri layiqincə yerinə yetirir: “Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək. Silahlı Qüvvələr Günü münasibətilə biz müzəffər Ali Baş Komandanı, silahlı qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın mənafelərinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”.