Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın: Ölənlər var!
ÜMİDTV: Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.
Silahlı şəxs bir ailəyə basqın edib.
Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Qətli törədən 1992-ci il təvəllüdlü E.A. adlı şəxs saxlanılıb.
Həmin şəxs ağırlaşdırıcı hallarda iki və ya daha çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə əvvəllər baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.
Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.
Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib.