FLAŞ XEBER

Anar Bağırov: “Son illərdə Azərbaycan və Qırğızıstan vəkilləri arasında sıx münasibətlər qurulub”

Anar Bağırov: “Son illərdə Azərbaycan və Qırğızıstan vəkilləri arasında sıx münasibətlər qurulub”

Anar Bağırov: “Son illərdə Azərbaycan və Qırğızıstan vəkilləri arasında sıx münasibətlər qurulub”

“Qardaş, dost ölkə olan Qırğızıstan Respublikasına səfər etmək və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri kimi bu cür mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir”.

 

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qırğızıstan vəkillərinin II Qurultayında çıxışı zamanı deyib.

A.Bağırov çıxışa başlamazdan öncə qurultay iştirakçılarını Qırğız dilində salamlayıb və dəvətdən məmnunluğunu ifadə edib. Onun bu jesti tədbirdə iştirak edən Qırğızıstan prezidenti Sadır Japarov və qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

Sonra çıxışını rus dilində davam etdirən sədr bildirib ki, hər iki ölkə vəkillərinin müxtəlif peşə tədbirlərində birgə iştirakı hüquq icmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli şərait yaradır:

 

“Biz ümumi dəyərləri bölüşürük, bütün beynəlxalq vəkillik platformalarında həm MDB ölkələri, həm də türkdilli ölkələrin nümayəndələrini öz sıralarında birləşdirən TÜRKAV Təşkilatı çərçivəsində möhkəm dost və tərəfdaşıq. Əminəm ki, bizim peşəmiz bu cür əməkdaşlıqdan və təcrübə mübadiləsindən böyük dividendlər qazanır, vəkillik fəaliyyətinin xarakteri və təbiətini nəzərə alaraq, ölkələrimizdə güclü və nüfuzlu vəkillərin bərqərar olması ictimai məqsəd və vəzifələrə tam cavab verir. Bununla yanaşı, qanunun və hüququn aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, vətəndaşların yüksək hüquqi yardıma çıxışı xalqlarımızın bəyan etdiyi konstitusiyalarda ümumbəşəri dəyərlərin qorunmasına dayanan hüquqi dövlətçiliyə təminat verir”.

 

A.Bağırov qurultay iştirakçılarına Azərbaycan Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verib:

“Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ölkəmizin bütün vəkillərini birləşdirən və Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən tam müstəqil, qeyri-hökumət təşkilatıdır. Bununla yanaşı, mən xüsusi qeyd etmək istəyirəm ki, sovet məkanında ilk dəfə olaraq Azərbaycanın vəkilliyi müstəqil peşə statusu almış, hələ uzaq 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun qəbul edilmiş və ilk dəfə olaraq Azərbaycan vəkilliyi müstəqil peşə statusu almışdır. Eyni zamanda Vəkillər Kollegiyası peşəyə qəbul prosesini müstəqil idarə edir, vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi üzrə hüquqi səlahiyyətə malikdir, o cümlədən vəkillərin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görürlər. Son illər Azərbaycanda vəkillik peşəsinin rolunun və təsirinin gücləndirilməsinə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə dövlət tərəfindən lazımi diqqət göstərilir. Sizə yalnız bir fakt göstərim ki, son üç ildə ölkədə vəkillərin sayı 2,5 dəfə, vəkil bürolarının sayı üç dəfə artıb və təbii ki, pulsuz hüquqi yardım institutunun təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Öz növbəmdə, sizi əmin etmək istəyirəm ki, biz qardaş Qırğızıstanın vəkillik fəaliyyətinə tam dəstək verməyə hazırıq. Bununla yanaşı, onu da xüsusi qeyd etmək istəyirəm ki, islahatların aparılmasında ilk növbədə vəkilliyin maliyyə müstəqilliyinə diqqət yetirmək lazımdır, çünki maliyyə müstəqilliyi olmadan vəkillik güclü ola bilməz”.

O, qırğızıstanlı həmkarlarına vəkil mantiyası ilə məhkəmə proseslərinə qatılmağı təklif edib:

“Sonda mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarını sizin nəzərinizə çatdırmaq istəyirəm. Son illər ərzində Azərbaycan və Qırğızıstanın vəkilləri arasında sıx münasibətlər qurulub, cənab Rayımkulov dəfələrlə ölkəmizə səfər edib. Bizim dostluğumuz əbədidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, bu dostluq, qardaşlıq münasibətlərinin qurulmasına verdiyi böyük töhfəyə görə bizim həmkarımız hörmətli Bilim Sərdarbekoviç Rayımkulova "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Fəxri Vəkili" adı verilmişdir. Sonda mən bizim qırğızıstanlı həmkarlarımıza tövsiyə edirəm ki, bundan sonra mantiya tətbiq edilsin. Çünki prokurorların, hakimlərin forması varsa, vəkildə də olmalıdır”.

 

Mənbə: E-huquq.az