“Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi” - FOTO
Vətən müharibəsinə könüllü olaraq qatılan igidlərimizdən biri də Süleymanov Mirsüleyman Aydın oğludur. Şəhidimiz Vətən müharibəsinə gedərkən ailəsinə belə deməyib. Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan şəhid qəhrəmanımız 1998-ci il martın 30-da Bakı şəhərində anadan olub.
Atası Aydın Süleymanov Oxu.Az-a açıqlamasında oğlunun ali təhsil aldıqdan sonra hərbi xidmətə getdiyini deyir:
“2004-cü ildə 271 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. Daha sonra Azərbaycan Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib”.
Atası deyir ki, oğlu müharibəyə getdiyini anasından və ondan gizlədib:
“Heç bizə deməyib ki, müharibəyə gedir. Anası ilə danışanda hər zaman hər şeyin yaxşı olduğunu deyirdi. Arada özüm də danışırdım ki, bəlkə anasını narahat etmək istəmir, mənə deyər. Amma demirdi. Mənə dedi ki arxa tərəfdəyik, ön cəbhədə deyilik. Amma sən demə müharibənin ilk günlərindən irəlidə olub. Müharibə başlayan vaxtdan bir neçə döyüş əməliyyatlarında iştirak edib.
Oktyabrın 15-də onların dəstəsi irəliləyərək Suqovuşana gəlib. Ağdərə istiqamətində hücum əməliyyatları zamanı bir neçə qəlpə Mirsüleymanı ağır yaralayır. Silah yoldaşları bildirirlər ki, o, iki erməni postuna daxil olub və düşmənləri məhv edib. Elə orada da yaralanıb və şəhid olub. Yoldaşları onun şücaəti barədə çox danışırlar. Özü həm manqa komandiri, həm də pulemyotçu olub. Bəzi döyüşlərdə pulemyotla iştirak etdiyi üçün yoldaşları ona “boyevik” deyib.
Öz komandiri ilə hücum əməliyyatlarında iştirak edib. Komandiri danışır ki, qorxmaz oğul idi. Şücaətinə görə onu Mübariz İbrahimovla müqayisə edirdilər. Qismətində şəhid olmaq varmış. Düşmənin atdığı minaatan mərmisi ilə 13 yoldaşıyla bərabər şəhid olub. Mənə dedilər ki, oktyabrın 15-i vurulub və neytralda qalıb”.
Şəhid atası oğlunun itkin əsgərlər sırasında axtardığını deyib:
“Oğlum 13 gün neytralda erməni postunda qalıb. Daha sonra Bərdəyə morqa gətirilib. Biz onun nəşini çox axtardıq, təxminən 27 gün. Nəhayət tapdıq və noyabrın 20-də Bakıxanov qəsəbəsində torpağa tapşırdıq. Fəxr edirəm ki, belə igid oğul böyütmüşəm”.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirsüleyman Aydın oğlu Süleymanov ölümündən sonra "Vətən Uğrunda" , "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Könül Cəfərli