İranın Rəisi ilə yenidən alovlanan ehtirasları: İlham Əliyev məkrli planı aylar əvvəl süquta uğratdı
İran-Azərbaycan münasibətlərində hazırda müşahidə olunan gərginlik yaxın keçmişi xatırladır.
Yəqin ki, hələ də 2011-2012-ci illərdə Mahmud Əhmədinejadın İran prezidenti olduğu dövrdə baş verən hadisələr hər birimizin xatirində qalıb. Hər zaman öz ambisiyalarının əsirinə çevrilən İran həmin vaxt da eynilə indi olduğu kimi Azərbaycana “hücum” üçün öz mollalarından – Ali dini liderinin əyalətlərdəki nümayəndələri olan imam-cümələrdən istifadə edir, parlamentdə təmsil olunan deputatlar Şimal qonşusuna qarşı çirkin fikirlər və böhtan dolu sözlər sərf edirdi. Məhz bu səbəbdən İranın hazırda apardığı çirkin kampaniyanın əsasları bizim üçün o qədər də qeyri-müəyyən deyil.
Yeri gəlmişkən, Mahmud Əhmədinejadın dövründə münasibətlərdə yaranmış gərginliyin də arxa fonunda hazırda İranın daha böyük təlaş və vahiməyə düşməsinə səbəb olan bir amil dayanmışdı. Şübhəsiz ki, bu amil Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətlə, inamla və qarşılıqlı etimad əsasında inkişafı idi. Qeyd etməliyik ki, aradan ötən 10 ilə yaxın müddətdə bu münasibətlərin gəlib-çatdığı səviyyə də İranın qorxuları ilə düz mütənasib şəkildə inkişaf edib.
Münasibətlərdəki gərginlik baxımından yaranmış oxşar vəziyyət eyni zamanda İranda yeni Prezident İbrahim Rəisinin seçdiyi siyasi kursla da bağlıdır. Əhmədinejad kimi ölkəsinin ermənipərəst və anti-Azərbaycan kursunu davam etdirməyi qarşısına məqsəd qoyduğu artıq aydın şəkildə özünü büruzə verən İbrahim Rəisi İranın uzun illərdir aludəçisinə çevrildiyi siyasi ehtirasların yenidən alovlanmasına zəmin yaradıb.
Təsadüfi deyil ki, İranın yeni liderinin başçılıq etdiyi hökumətə bir sıra ekspert dairələrində kinayə ilə “Əhmədinejadın üçüncü kabineti” deyirlər. Çünki onun rəhbəri olduğu İran hökumətində Əhmədinejadın kabinetində olmuş ən azı 10 nəfər təmsil olunur. Demək, İranın yeni lideri ölkəsinin 10 il əvvəlki iflasa uğramış siyasi kursunun davamçısı kimi çıxış edir.
Odur ki, Azərbaycan-İran münasibətlərində yaranmış gərginlik üçün Tehranın sadəcə “Türkiyə-Azərbaycan-Pakistan” təlimləri və İsraillə yaxınlıq kimi arqumentləri önə çəkməsi də yersizdir. Ortaya çıxan analogiyalar, siyasi proseslərin gedişindəki oxşar məqamlar açıq şəkildə İran hökumətinin məqsədyönlü addımlarından xəbər verir. Yəni yaranmış gərginlik hansısa təsadüf və anlaşmazlıq zəminində deyil, İranın regiondakı sülh üçün qanqrenə çevrilən siyasi maraqlarının yenidən ortaya çıxması ilə inkişaf edir.
O maraqlar ki, İran xalqının bu gün düçar olduğu bəlaların başında dayanır. İranın beynəlxalq aləmdən təcrid olunmasına, ağır sanksiyalar nəticəsində səfalət və aclığa məhkum olmasına gətirib çıxarıb. Çünki İranın istər Əhmədinejad, istərsə də hazırkı Prezident İbrahim Rəisi tərəfindən tətbiq etdiyi siyasi kurs sülh və əmin-amanlıq vəd etmir, regionun sürətli inkişaf və tərəqqi layihələrinə tamamilə zidd şəkildə özünü büruzə verir. Məhz ona görədir ki, İran region üçün taleyüklü məsələ olan kommunikasiyaların açılmasını belə özü üçün təhdid olaraq görür. Bu amildə həmçinin İbrahim Rəisi hökumətinin ermənipərəst mövqeyi də az rol oynamır.
İran özünü bütün dünyadan təcrid etdiyi kimi öz doğma regionunda da inkişaf, yüksəliş qapılarını bağlayır, Ermənistanı öz ağuşuna alıb onunla birgə bölgənin gələcəyini təhdid altında qoyur. Keçmişdə olduğu kimi, indi də Ermənistan-İran əməkdaşlığı Cənubi Qafqaz üçün müsbət mənada heç bir şey vəd etmir.
İran həm də nüvə proqramı ətrafında gedən gizli və təlatümlü oyunlarla da region üçün təhdid mənbəyi olaraq qalır. Üstəlik bu proses təkcə region yox, bütün dünya üçün həyəcan siqnallarının işə düşməsini təmin edir.
Beynəlxalq ictimaiyyət isə buna haqlı olaraq sanksiyalarla qarşılıq verməyə çalışır. Hazırkı – İbrahim Rəisi hökumətinin də bir çox önəmli təmsilçiləri beynəlxalq sanksiya və axtarış siyahılarında ön sıralarda yer alır. O cümlədən, iqtisadi məsələlər üzrə vitse-prezident və daxili işlər nazirinin 1994-cü il Argentina terror aktında bilavasitə iştirakı sübut olunmuş və onların təyinatı Argentina hökuməti tərəfindən rəsmi etirazla qarşılanmışdır. Ancaq Tehran hər zaman olduğu kimi beynəlxalq ictimaiyyətə məhəl qoymur. Onun öz “doğru”ları, ambisiyaları, ehtirasları və bir də uğrunda bütün prinsiplərdən keçdiyi Ermənistanı var.
Bu gün münasibətlərdəki gərginlik fonunda İranın Ermənistan sevgisinin daha qabarıq şəkildə üzə çıxdığını görürük. İran çox sadə məsələləri sadəcə erməni sevgisi uğruna regional miqyaslı problemə çevirməyə çalışır.
Özünü regionun ağası hesab edən İran həmçinin bu bölgədə Azərbaycanın artan nüfuzundan da qorxuya düşür. Üstəlik, Azərbaycanın bu nüfuzu döyüş meydanında qazanılmış parlaq qələbə ilə də taclandırması məsələni İran üçün tamamilə həzmedilməz edir.
İranın Azərbaycanın uğurlarının ağırlığı altında əzilməsi, Tehranın şanlı zəfərimizə kölgə salmaq cəhdlərini ortaya çıxarıb. Çünki bu gün İranın müxtəlif səviyyələrdə irəli sürdüyü və İran dövlətinin arxasına sığındığı hər kəsə məlum olan həmin o böhtan hələ aylar əvvəl “Mehr” agentliyinin xanım müxbirinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı sualda da qarşımıza çıxmışdı.
Əslində iranlı müxbirin dövlət başçısına verdiyi sual İran rəhbərliyinin hazırda ikrahdoğurucu tərzdə ortaya qoyduğu iyrənc mövqeyi ifadə edirdi.
Həmin məqamı xatırlayaq: dövlət başçısının keçirdiyi mətbuat konfransında iranlı jurnalist Vətən müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.
İlham Əliyevin cavabı belə olub: “Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?”
Jurnalist çətin vəziyyətə düşərək deyib: “Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım”.
Prezident isə qeyd edib: “Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız”.
Jurnalist daha da çətin duruma düşüb və “gəlin ikinci sualın cavabına keçək”.
İlham Əliyev isə deyib: “Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim ordumuz torpaqlarımızı işğaldan azad edib”.
Göründüyü kimi, Azərbaycan Prezidenti böyük siyasi səriştə nümayiş etdirərək iranlı jurnalisti hələ həmin vaxt susdurmağı bacarıb, başqa sözlə İranın bu gün tam şəkildə ifşa olunan planını həmin vaxt süquta uğradıb. Odur ki, İran bu gün nə qədər şivən qoparsa da, nəticə eyni olacaq. İran öz jurnalistinin düşdüyü durumdan da aciz vəziyyətdə qalmağa sadəcə məhkumdur.
Çünki Azərbaycan dövləti regionda sülh və təhlükəsizliyin təminatçısı, inkişaf və tərəqqi yolunun bayraqdarı funksiyasını icra edir. İran isə hələ də öz rolunun nədən ibarət olmasını ayırd edə bilmir. Cəfəng iddialar, məkrli planlar və əsassız böhtanlara sığınmaqla öz regionunda söz haqqını itirir, onsuz da kifayət qədər aşağı olan nüfuzunu növbəti dəfə yerlə bir edir.
Orxan Tağıyev