44 günlük Zəfər yolunun 12-ci günü - VİDEO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin 12-ci gününün xronikasını təqdim edirik.
- Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd “D-20” topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
- Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların videogörüntüsünü paylaşıb.
- “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.
- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.
- Düşmən ordusu cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib.
- Ermənistan silahlı qüvvələri Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.
Ətraflı Baku TV-nin Vətən müharibəsinin 8 oktyabr xronikasını təqdim edirik: