Ümid Tv-nin kollektivi Şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Bu gün Ümid Teleradio Yayım Şirkətinin kollektivi şəhid Nicat Xələfovun ailəsi ilə görüşüb

Ümid Tv-nin kollektivi Şəhid ailəsini ziyarət etdi - FOTOLAR

ÜMİDTV:        Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, bizlərə doğma, əziz olan Vətənin bir qarış, bir ovuc torpağı uğrunda candan, qandan keçmək üçün bir an belə tərəddüd etmirik. Vətənin hər daşı, hər qayası üçün haqq savaşına çıxan, Ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz.

 

Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir.

 

Bu gün də Ümid Teleradio Yayım Şirkətinin əməkdaşları (ÜmidTv Azərbaycan kanalı) VƏTƏN müharibəsində şəhid olan igidimiz Nicat Xələfovun valideynlərinə baş çəkiblər. 

Ümid Teleradio Yayım Şirkətinin rəhbəri bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

 

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Şəhidin atası İlqar Xələfov Ümid Tv əməkdaşlarının şəhid ailələri ilə görüşməsini, problemlərini dinləməsini və həllinə çalışmasını şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib. 

Xatırladaq ki şəhidimizin ailəsi ilə birgə çəkdiyimiz efir qısa zamanda Ümid Televiziyasında yayımlanacaq. 

Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.

Elcan Məmiyev / Ümid Tv Azərbaycan