İntiqam Səfərəliyev: “Bravo”nun istiqrazları kapital bazarlarına ikinci nəfəs verəcək”
Azərbaycanın kapital bazarında bu il canlanma hiss edilir. Xüsusilə, investisiya şirkətlərinin vasitəçiliyi və cəhdləri sayəsində maliyyə sektorundakı kredit təşkilatlarının, pərakəndə ticarət sektorundan və digər seqmentlərdən öz istiqrazını buraxmaq istəyənlərin sayı artıb. İstiqraz emissiyalarının investorlara, şirkətlərin özlərinə və yerli qiymətli kağızlar bazarına nə qazandıra biləcəyi, eləcə də investisiya şirkətlərinin müsbət addımlarının nəticələri haqqında “AzFinance” İnvestisiya şirkətinin direktoru İntiqam Səfərəliyevlə söhbət etdik.
- Azərbaycanın istiqraz bazarını necə xarakterizə edirsiniz? Hansı görülən işlərin əsas drayver olduğunu demək olar?
- Bu ilin ikinci yarısında korporativ istiqrazların kütləvi şəkildə əhaliyə təklifi əsas hadisələrdən biridir və bu davamlı olacaq. İlk addım kimi “Embafinans”ın istiqrazlarını təklif etməsi, ardınca TBC kreditin emissiyası ilə müşayiət edildi. Biz bu prosesin başlanmasını proqnoz edib ilk emissiyalara imzamızı atdıq və nisbətən kiçik həcmlərlə operativ emissiyanı həyata keçirdik.
- Şirkətlərin istiqraz emissiyalarından danışdınız. Bu lokal istiqraz bazarı üçün yaxşı addımdır. Bəs bu emissiyaların davamlı ola biləcəyini düşünürsünüzmü? Şirkətlər bu istiqamətə hansı səbəblərdən gedə bilərlər və ya gedəcəklər?
- Şirkətlərin istiqrazlarının emissiyası əlbəttə ki, davamlı olacaq. Bunun obyektiv səbəbləri vardır. İlk növbədə, kapital bazarlarında həyata keçirilmiş islahatları göstərə bilərik. Mərkəzi Bank istiqrazların qeydiyyatında operativlik və konkretlik yaradıb. Sadəcə pandemiya və onunla bərabər gəlmiş risklər prosesi bir az uzadaraq 2021-ci ilin ikinci yarısına gətirdi. Digər səbəb kimi bençmark olan dövlət istiqrazları üzrə faizlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi şirkətlərə arzuladıqları faizlə istiqraz buraxmağa şərait yaratdı və bu istiqrazlar həm şirkətlərə sərfəli faizlə borclanmağa, həm də investorların marağını cəlb etməyə başladı.
- İntiqam bəy, necə düşünürsünüz, investorların əldə etdikləri gəlirlər burada qaneedicidirmi? Bundan başqa prosesdə əsas dəstəkləyici faktor kimi nəyi görürsünüz? Manata olan inam fonunda fikirləriniz maraqlıdır.
- Bu proseslə investorlar da illik minimum 10 % qazanmaq və istiqrazları istədikləri vaxt satıb yatırımlarını faizləri ilə birlikdə əldə etmək şansı qazanıblar. Mən hətta qeyd edərdim ki, ölkə əhalisi üçün bu böyük şansdır. Manata yaranmış etibar da digər bir dəstək faktorudur. İqtisadiyyatdan cüzi anlayışı olan insanlar rahat başa düşür ki, neftin qiyməti 40-50 dollardan yuxarı olduğu təqdirdə devalvasiya riski ən azı altı ay gözlənilmir. Puldan pul qazanmağı bacaran şəxslər operativ addım ataraq manata keçib ən azı 10 % qazanmaq şansını itirmədilər. Həm depozitlər, həm də istiqrazlara yatırım edərkən valyuta olaraq manatı seçməkləri təbiidir.
- “Bravo” istiqrazlarından danışaq. Sizcə pərakəndə ticarətdə olan şirkətin istiqrazları hansı dərəcədə maraq kəsb edəcək və bu, ümumiyyətlə, kapital bazarında hansı çağırışları formalaşdıracaq?
- “Bravo”nun istiqraz emissiya etməsi ən azı özü qədər kapital bazarına da faydalıdır. Demək olar ki, “Bravo” bir marka kimi əhalinin ən azı 90 %-nin diqqətindədir, hər kəs ondan faydalanır. Hər kəsin bu ad ilə yanaşı istiqraz sözünü eşitməsi və 10,5 % qazanmaq şansının olmasını bilməsi böyük bir kütlənin kapital bazarına marağını çəkməlidir. Beş il əvvəl eyni hadisə SOCAR ilə baş verib. SOCAR-ın istiqraz emissiyası hər kəsin istiqrazı faydalı bir alət kimi tanımasına, kapital bazarına ciddi sayda investorların gəlməsinə səbəb oldu. Beş il öncə dollarlaşma yüksək səviyyədə olduğu üçün SOCAR-ın dollarda yatırımlara 5 % gəlir verməsi bir qrup şəxsin digərlərinə nisbətən 25 % sərvətini artırmasına səbəb oldu. İndi isə “Bravo”nun manatda 10,5 % qazandıran istiqraz emissiyası kapital bazarlarına ikinci nəfəs verəcək.
Bazara “Bravo” istiqrazları almaqla daxil olan şəxslər investisiya şirkətləri ilə sıx əlaqədə olmaqla digər yüksək gəlirli imkanları da özləri üçün kəşf edəcəklər. Buna görə təklilatçılara və “Bravo”nun istiqrazlarının emissiyası qərarını verən şəxslərə böyük təşəkkür düşür.
- “Bravo”nun zərərlə işləməsi onun istiqrazlarına hansı çətinlik yarada bilər? Ümumiyyətlə, bildirdiyiniz kimi bu həcmdə olan şirkətin zərərini necə dəyərləndirirsiniz və səbəbi nədə görürsünüz?
- “Bravo”nun balansında olan zərəri mən şəxsən onun marka dəyəri ilə müqayisə edərdim. Təəssüf ki, ölkəmizin bu sahədə təcrübəsi azdır. Amma bir ölkədə hər kəsin tanıdığı və istifadə etdiyi bir markanın 100 milyonlarla marka dəyəri vardır. “Bravo” buna qısa müddətə nail olub.
Marka dəyərinin ya balansdakı zərərin yüksək rəqəm olmasını demək heç də asan deyil. İndi dünyada şirkətlərin dəyəri əsasən onların istifadəçi sayı ilə formalaşır. Məsələn, “Facebook”, “Netflix” hər dəfə bir neçə milyon nəfər istifadəçisinin artdığını elan edəndə bu, onların səhmlərinin qiymətinin artmasına ciddi təsir edir.
“Bravo”nun misalında marka dəyərini ölçmək üçün ya mütəxəssislər qiymətləndirmə etməli, ya da İPO etmiş olmalıdır ki, bazar, yəni alıcılar bu dəyəri qiymət verməklə ifadə etsinlər. İnşallah bu marka dəyərini gəlirə çevirmək üçün “Bravo”ya çox vaxt lazım olmaz.
- Bu istiqrazları haradan, necə almaq olar? Burada əsas vacib nüanslar nələrdir?
İstiqrazları almaq əslində çox asandır. 15 min manatadək məbləğdə alıcılar bunu bir video zəng (+994 50 290 77 44) və pulu köçürməklə həll edə bilərlər. Daha böyük məbləğdə alanlar isə bir investisiya şirkəti seçib onların ofisində müqaviləni imzaladıqdan sonra istiqrazları onlayn formada ala bilərlər. Bu işlər pul köçürmək qədər asandır. Əsas məsələ almaq barədə gecikmədən qərar verməkdir. Qərar verməkdə çətinlik çəkənlər bir neçə şirkətin istiqrazlarını alıb portfel də yarada bilərlər. Bu halda 3-5 şirkətin istiqrazlarına sahib olmaqları onları “yumurtaları eyni səbətə yığmaqdan” sığortalayacaqdır. Ən azı bir neçə istiqraz almaqla prosesə toxunub investisiya şirkəti ilə əlaqə qurmalıdırlar. Onlarda əminlik və etibar formalaşdıqca daha çox qazanacaqlar.
- Bəs kütləvi istiqrazları digərlərindən fərqləndirən və daha dəqiq desək, üstün edən amillər nələrdir? İnvestorlar burada risk amilini necə daha aydın görə biləcəklər?
- Kütləvi təklif edilən istiqrazların böyük üstünlüyü var. Bu istiqrazları buraxan şirkətlər Bakı Fond Birjasında mütəmadi hesabatlarını açıqlamalıdırlar. Hesabatlar açıqlandıqca analitiklər, jurnalistlər onları təhlil edib, fikirlərini bildirəcək və yayacaqlar. Vəziyyətin yaxşıya və ya pisə doğru getdiyi və bunun səbəbləri KİV-də müzakirə ediləcək. Beləliklə, investorlar risk görəndə istiqrazları bazar dəyərinin ətrafında bir qiymətə satıb gəlirlərini də götürüb digər istiqrazlara yatırım edə biləcəklər. Bütün dünyada kapital bazarları belə işləyir. Məsələ yalnız qiymətin necə dəyişəcəyidir. Məsələn, SOCAR istiqrazlarında qiymət daim artım istiqamətində oldu. Bu istiqrazları alıb zərər etmiş şəxs ümumiyyətlə olmadı.