İmmunoloq: “Distant” təhsilə keçmək lazımdır”
KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov koronavirusla bağlı vəziyyəti Oxu.Az-a şərh edib.
Onun sözlərinə görə, məktəblərin açılmasının vaxtı hələ çatmayıb:
“Distant” təhsil vacibdir. Yaxın 3-4 ayda əksər məktəblərdə müvəqqəti karantinə keçmək qaçılmaz olacaq. Amma infeksiyanın yayılması sürətlənəcək. İndi insanları intensiv şəkildə peyvənd etmək və təkrar peyvəndləmə vacibdir.
Və bir daha təkrar edirəm: nə qədər çox insan peyvənd olunursa, virusun adaptasiyası, təkamülü və peyvəndlərə daha davamlı variantın ortaya çıxması baxımından bir o qədər kritik dövr gəlir”.
İmmunoluq qeyd edib ki, yoluxuculuq baxımından virusun daha irəli gedəcək yeri yoxdur:
“İndi “Delta” ştammının AY.4.2 variantı əsas reproduktiv say R 0 baxımından təxminən 9 səviyyəsindədir. Amma maksimum 10-11 ola bilər, mənə elə gəlir ki, daha irəli getmək üçün heç bir yer yoxdur. Müvafiq olaraq, o, patogenliyin azalması (bu dərhal baş verməyəcək) və təbii və kollektiv immunitetə adaptasiya istiqamətində inkişaf edəcək. Və virus hətta peyvənd olunanlar arasında da yenidən epidemiyalara səbəb olacaq. Ancaq peyvənd kampaniyası zamanı ona “gəzişməyə” icazə verilməsə, ən təsirli variantları “buraxmağa” vaxtı olmayacaq”.
Mütəxəssis həmçinin vurğulayır ki, insanların məhdudiyyətlərdən yorulması, iqtisadiyyatın zərər çəkməsi də aydındır. Bununla belə, qapalı yerlərdə və ictimai nəqliyyatda maska taxmağa, epidemiyaya qarşı tədbirlərə ehtiyac var.
“Təbii ki, nəqliyyatda “pik saatları” aradan qaldırmaq, ofis işçilərinin ən azı 50-60 %-ni distant işə keçirmək lazımdır və bu da “pik saatlar”ın aradan qaldırılmasına kömək edəcək. İzləmə ilə məşğul olmaq, geniş formada PCR testi və antigenlərin sürətli testini aparmaq lazımdır. Karantin tədbirləri zamanı biznesə və insanlara iqtisadi dəstək, kommunal xidmətlər üçün və s. güzəştlər lazımdır. Mən demirəm ki, Çin modelinə əməl edək, baxmayaraq ki, bu ideal seçimdir, amma istənilən halda, bütün bu elementlər olmalıdır”.
“Və revaksinasiya haqqında bir daha deyəcəyəm. O, peyvəndin uğurla aparıldığı və həyata keçirildiyi ölkələr üçün çox vacibdir, bu, Azərbaycana da aiddir. İmmunitet əbədi deyil, peyvəndin yeni dozasını qəbul etmək lazımdır. Ancaq tez-tez bunu etsəniz, adenavirus peyvəndlərinin effektivliyi (bizdə onların üzərində araşdırmalar var) tədricən azalacaq. Üçüncü, dördüncü, beşinci dəfə peyvənd vurdurmağın daha yaxşı yolunu bilmirik. Hələ ki, bu sual heç bir yerdə qaldırılmayıb, indi birinci, maksimum ikinci revaksinasiyadan söhbət gedir.
Amma infeksiya gec-tez mövsümi formaya çevriləcək. Bütün məsələ bundan ibarətdir ki, bu dövr hansı hesabla başa çatacaq, biz virusa növbəti mərhələyə keçmək imkanı verəcəyik, o, peyvənddən sonrakı immunitetə adaptasiya ola biləcəkmi? Azərbaycanda əhalinin 75-80 %-ni uğurla immunizasiya etmək üçün hər cür şans var. Daha yaxşı olardı ki, birinci peyvənd məsələsi bu mövsüm, gələn yaza qədər bağlansın. Və sonra artıq revaksinasiya ilə sıx məşğul olmaq olar”, - deyə Kryuçkov bildirib.