Karqo bazarında qanunsuzluq: Dövlət qurumları niyə göz yumur? - NƏ ETMƏLİ?

Son illər ərzində dövrün tələbi olaraq meydana çıxan və ya sürətlə böyüyən bizneslərdən biri də xarici ölkələrdən, xüsusən Türkiyədən Azərbaycana sürətli poçtdaşıma əsasında fəaliyyət göstərən kargo biznesidir

Karqo bazarında qanunsuzluq: Dövlət qurumları niyə göz yumur? - NƏ ETMƏLİ?
Son illər ərzində dövrün tələbi olaraq meydana çıxan və ya sürətlə böyüyən bizneslərdən biri də xarici ölkələrdən, xüsusən Türkiyədən Azərbaycana sürətli poçtdaşıma əsasında fəaliyyət göstərən kargo biznesidir.

Ötən il Trendyol kimi qlobal elektron ticarət markasının Azərbaycan bazarına daxil olması ilə, bu biznes sahəsinə ikinci təkan verildi.

Bu gün qeyd olunan platformadan Azərbaycana sifariş verdiyin zaman ölkə boyu 1000-ə yaxın "Gəl al” nöqtəsi adı ilə fəaliyyət göstərən yerlər görünür. "Gəl al” nöqtəsi adlanan yerlər yerli kargo şirkətlərinin müştərilərə bağlamalarını təhvil verdiyi "Təhvil məntəqələri”dir. Bəs bu yerlər qanunidirmi?

Qanun nə deyir?

"Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli qanununa görə ölkə ərazisində sürətli poçtdaşıma xidməti göstərən şirkətlər həm ümumi şirkət üçün lisenziya, həm də faəliyyət göstərdiyi hər bir "təhvil məntəqəsi” üçün lisenziya əlavəsi almalıdır.

Qanunun tələbinə görə lisenziya müraciəti üçün 650 AZN rüsum ödənilməlidir, həmin "təhvil məntəqəsi”nin mütləq şəkildə qeyri yaşayış reyestr çıxarışı olmalıdır, həmin məntəqədə şirkətə məxsus mütləq qeydiyyatda olan işçi olmalıdır və həmin yerin sahibi ilə karqo şirkəti arasında notariusda bağlanmış müqavilə olmalıdır.

Bundan başqa həmin təhvil məntəqələrində qanunun tələbinə görə xüsusi əşyalar və təmir formatları var. Məsələn, təhvil məntəqəsi mütləq kameralarla təhciz olunmalıdır, məntəqənin üzərində reklam panosu yerləşidirlməlidir, müştərilərin oturması üçün xüsusi oturacaqlar olmalıdır, müştəri qəbulu üçün reseption masası, bağlamaların yerləşdirilməsi üçün ayrıca otaq düzəldilməli, rəflərlə təmin olunmalıdır və s.

Bütün bunlara baxdıqda, karqo şirkətlərinin hər bir təhvil məntəqəsi üçün lisenziya almamaq halı olduqca yüksək görünür. Çünki qanunvericiliyin bütün tələblərini icra etmək o qədər rahat iş deyil.

Məhz bu halı nəzərə alaraq, Qaynarinfo mövzu ilə bağlı geniş araşdırma aparıb.

Qanunsuz işləyənlər kimlərdir?

Müxtəlif mənbələrdən topladığımız karqo şirkətləri siyahısını bir sorğuda cəmləşdirib, İqtisadiyyat nazirliyinə bir sorğu göndərdik. Sualımız isə çox sadə idi: Aşağıda adları qeyd olunan şirkətlərin lisenziyalı fəaliyyət göstərən təhvil məntəqələrinin siyahısını bizimlə paylaşa bilərsizmi?

Nazirlik çox keçmədən sorğumuza cavab verdi. Biz də öz növbəmizdə lisenziyalı yerlərin siyahısını, həmin şirkətlərin öz saytlarında və ya Trendyol kimi qlobal platformalarda yerləşdirdiyi təhvil məntəqələrin siyahısı ilə müqayisə etdik.

Ortaya çıxan mənzərə isə məhz gözlədiyimiz kimi oldu. Düzdür, bizi yaxşı mənada təəccübləndirən şirkətlər də oldu. Hansı ki, bütün yerləri lisenziyalı fəaliyyət göstərirdi. Ancaq bazarın əksər iştirakçıları qanunu tamamən heçə sayırmış.

Qanunsuzluğun həcmini tam görmək üçün gəlin siyahı ilə yaxından tanış olaq. Qeyd edək ki, aşağıda adlarını çəkdiyimiz şirkətlər öz syatlarında həmin qanunsuz yerləri "Kuryer Təhvil məntəqəsi” kimi göstərərək qanundan yayınmağa çalışıb. Əslində isə o yerlərdən bütün vətəndaşlar sifariş etdikləri bağlamaları təhvil alır. Bizim aşkarladığımız, qanunsuz işləyən şirkətlərlə bir – bir tanış olaq.

"Expargo” şirkəti

Nazirlikdən sorğumuza verilən cavabda qeyd olunur ki, bu şirkətin 14 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Amma həm şirkətin öz saytında, həm də Trendyol kimi partnyorunun saytında şirkətin 60-ə yaxın təhvil məntəqəsi görünür. Bəs yerdə qalan 40-dan çox təhvil məntəqəsi necə fəaliyyət göstərir?

Məsələ burasındadır ki, şirkətin bu yerləri gizlin deyil. Çalışdığı bütün platformalarda, sosial media hesablarında, veb saytında açıq aşkar qeyd olunur ki, biz bu yerlərdə bağlama təhvil veririk. Rəsmi qurumlar isə yəqin ki hələ görmür.

Məlumat üçün deyək ki, "Expargo” şirkəti vergi uçotuna "Expert” MMC kimi qeydiyyatdadır.

Nazirliyin bizə təqdim etdiyi siyahıda olmayan, ancaq faktiki fəaliyyət göstərən "Expert” MMC-yə məxsus yerlərin siyahısını və foto faktları yazının aşağısında təqdim edirik.

"Kargolux” şirkəti

Sorgumuza verilən cavabda qeyd olunur ki, bu şirkətin Bakı və Sumqayıtda toplam 5 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Amma şirkətin rəsmi web saytına baxıldığı zaman sorğumuza verilən cavabda yer almayan çoxlu təhvil məntəqələri görünür.

Nazirliyin bizə təqdim etdiyi siyahıda olmayan, ancaq faktiki fəaliyyət göstərən Kargolux şirkətinə məxsus yerlərin siyahısını və foto faktları aşağıdakı fotosessiyada təqdim edirik

"Morex” şirkəti

Nazirliyə göndərdiyimiz sorğuda yer alan şirkətlərdən biri də Morex şirkəti idi. Bu şirkətlə bağlı bizə verilən cavabda qeyd olunur ki, şirkətin 5 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Ancaq məsələni araşdırarkən elə məhz həmin şirkətin saytında görünür ki, siyahıda adı olmayan şirkətə məxsus çoxlu təhvil məntəqələri var imiş.
Nazirliyin bizə etdiyi siyahıda olmayan "Təhvil məntəqələri”nin fotolarını aşağıda təqdim edirik.

Bu kimi şirkətlərin siyahısını bəlkə də uzatmaq da olar. Ancaq bizim araşdırmamızda ortaya çıxan mənzərə bu idi.

Şirkətlər suallardan yayınır

Qaynarinfo məsələ ilə bağlı həmin şirkətlərdən bəzilərinin mövqeyini öyrənməyə çalışıb.

"Expargo” şirkətinin təmsilçisi Nurlan Qurbanov suallarımızı dinlədikdən sonra bu barədə danışa bilməyəcəyini bildirib. O, eyni zamanda bizi maraqlandıran suallara cavab olmaq üçün şirkətə sorğu göndərməyi tövsiyə edib.

Biz də öz növbəmizdə 15 yanvar 2024-cü il tarixində, yəni, elə bu gün səhər saatlarında sorğunu şirkətin email ünvanına göndərmişik. Lakin gün ərzində sorğumuza cavab gəlməyib.

"Kargolux” şirkətinin Ülvi adlı təmsilçisi də telefonla sualları cavablandırmaqdan imtina edərək şirkətə sorğu göndərməyimizi istəyib.

Bu şirkətə də "Expargo” ilə eyni vaxtda sorğumuzu təqdim etimişik. Təbii ki, virtual qaydada. Lakin cavab yoxdur.

Ümid edirik ki, hər iki şirkətdən cavab ala biləcəyik. Bu halda onların fikirləri aradırmamızın növbəti hissəsində oxculara təqdim ediləcək.

Dövlət özü – özünə zərər verir?

Nəzərə alaq ki, qanunsuz fəaliyyət göstərən yerlərin əksəriyyəti regionlarda olan yerlərdir. Məsələn, yuxarıda adını çəkdiyimiz Trendyol.com saytına daxil olub, hər hansı bir rayonu seçdikdə, orda qarşımıza adətən 2 yer çıxır. Bunlardan biri lisenziyasız fəaliyyət göstərən təhvil məntəqəsi, digər isə "Azerpoçt” məntəqəsidir.

Burdan belə bir nəticə çıxır ki, əgər o lisenziyasız yer seçim kimi olmazsa, bütün müştərilər dövlətin poçt xidməti olan Azərpoçtu seçəcəkdi və nəticədə milli operatorumuz daha çox qazanacaqdı. Amma hazırda isə qanunsuz sahibkarlıq edən şəxslər qazanmış olur. Bəs "Azerpoçt” özü bu barədə nə düşünür?

Qaynarinfo məsələ ilə yaranan suallara cavab almaq üçün "Azerpoçt”un tabe olduğu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlayıb.

Sadə qanunsuzluq yoxsa vergi cinayəti?

Cinayət məcəlləsinin 192-ci maddətsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda qeyd olunan lisenziyasız yerlərin sayını nəzərə aldıqda. Bu məsələ bəlkə də birbaşa cinayət hesab oluna bilər.

Bəs karqo bazarındakı xaos barədə mütəxəssislər nə düşünür?

Qaynarinfo bu barədə Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası İdarə Heyətinin sədri Şaiq Qəribzadə ilə danışıb.

O, əvvəlcə lisenziya məsələsinə toxunaraq bununla bağlı kriteriyaların yenidən nəzərdən keçirilməli olduğunu bildirib. "Burada əsas məsələ təhvil məntəqələrinin qeyri-yaşayış sahələrində fəaliyyəti ilə bağlıdır. Yəni, əgər mən təhvil məntəqəsi açmaq istəyirəmsə, sənəddə mütləq onun ünvanı kimi qeyri-yaşayış sahəsi göstərilməlidir. Bakıda qeyri-yaşayış sahəsi tapmaq mümkündür, amma rayonlarda bununla bağlı çətinlik yaşanır. Bu da lisenziyasız məntəqələrin sayının artmasını şərtləndirir” , - deyə Şaiq Qəribzadə əlavə edib.

Lisenziyasız məntəqələrin sərbəst fəaliyyətinin sirrinə gəlincə isə Şaiq Qəribzadə bunu ikili standartlarla izah edir.

"Bilirsiniz, əslində sakit dayansan səni heç kim yoxlamır. Lakin kimsə vergiyə şikayət edəndə yoxlama gəlir və lisenziyasız məntəqələr bağlanır. Amma məsələ burasındadır ki, bu standart hamıya şamil edilmir. Əslində, bu sahədə şəffaflığı, qanuniliyi təmin etmək üçün bütün şirkətlər yoxlanılmalı və görülən tədbirlər eyni qaydada bütün şirkətlərə tətbiq edilməlidir. Təəssüf ki, bu baş vermir”, - Qəribzadə vurğulayıb.

Müsahibimiz hesab edir ki, bu sahədə düzən yaratmaq üçün şirkətlərə lisenziya verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyət çevrəsinə daxil edilməlidir: "Bu həm də məntiqlidir. Çünki poçt xidməri məhz bu nazirliyin fəaliyyət dairəsinə daxildir. Bunun vergiyə aidiyyati yoxdur. Yeri gəlmişkən, təhvil məntəqələrinin lisenziyasiz fəaliyyət göstəməsi heç də o demək deyil ki, onlar vergidən yayınır. Xeyr. Burada problem vergi qeydiyyatı, vergi ödəməkdən yayınmaqla bağlı deyil. Dediyim ki, məsələnin kökündə qeyri-yaşayış sahəsi ilə bağlı sənəd dayanır. Ümumiyyətlə, bu çox absurddur. Təsəvvür edin, kimsə ərzaq satır, bu fəaliyyətlə bağlı ondan qeyri-yaşayış sahəsi ilə bağlı sənəd tələb olunmur, amma mən poçt xidməti göstərirəm, ofisim bu xidmət üçün nəzərdə tutulmuş bütün standartlara cavab verdiyi halda qeyri-yaşayış sahəsi ilə bağlı sənədim olmadığına görə faəliyyətim qadağan edilir. Belə bir məntiqsiz halla üzləşmişik”.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
qaynarinfo.az