Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri... - BU NƏDİ BELƏ?!

2022-ci ilin dekabr ayına qədər Naxçıvan Muxtar Respublikasından aldığımız məlumatlara təəccüblənmirdik

Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri... - BU NƏDİ BELƏ?!
2022-ci ilin dekabr ayına qədər Naxçıvan Muxtar Respublikasından aldığımız məlumatlara təəccüblənmirdik. Çünki hesab edirdik ki, Vasif Talıbovun rəhbərlik etdiyi muxtar respublikada hər cür qanunsuzluq etmək mümkündür. Məsələn, hər ilə Naxçıvan şəhərində guya abadlıq işləri aparılırdı, silinən vəsaitlə Talıbovun övladlarına yeni-yeni obyektlər tikilirdi. Belə obyektlərdən biri də Naxçıvançay vadisində yaradılan istirahət mərkəzidir.

Talıbovun istefasından sonra muxtar respublika sakinləri inanmışdı ki, artıq Naxçıvanda belə qanunsuzluqlar, özbaşınalıqlar olmayacaq. Ancaq Naxçıvandan aldığımız məlumatlar, redaksiyamıza təqdim edilən faktlar ümidlərin doğrulmadığını göstərir.

Naxçıvançay vadisində tikilən istirahət mərkəzi ilə bağlı bizə sensasion məlumatlar göndərilib. Biz iddialara aydınlıq gətirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərdik. Təəssüf ki, komitə TNS-in sorğusuna cavab vermədi.

Sifarişçisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olan əyləncə mərkəzinin ümumi ərazisi 51 min 362, tikinti sahəsi 2538 kvadratmetrdir. Tikintiyə ümumilikdə 15 milyon 830 min manat vəsait xərclənib. İstirahət mərkəzinin ərazisində 50 otaqlı otel, kafe-restoran, konfrans zalı, hovuz, sauna, idman zalı, mağazalar tikilib, avtomobil dayanacağı yaradılıb. Aquapark kimi fəaliyyət göstərməsi nəzərdə tutulan istirahət mərkəzinə Türkiyədən 1 milyon 475 min manat dəyərində avadanlıqlar alınıb gətirilib.

Biz hələlik dövlət vəsaiti hesabına tikilən əyləncə mərkəzinin aqibətini deyil, oraya gətirilən avadanlıqların necə "yoxa çıxmasını" araşdırmışıq.

Məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin avadanlıqları Türkiyənin müxtəlif şirkətlərindən alıb. Su parkı atraksionlarından aquaparkın yaradılmasında istifadə olunacaqdı. Rəsmi sənədlərdən görünür ki, avadanlıqlar muxtar respublikaya 28 oktyabr 2022-ci ildə daxil olub.

Naxçıvançay vadisində tikilən əyləncə mərkəzində quraşdırlacaq su parkı atraksionları 2023-cü ildə müəmmalı şəkildə "yoxa çıxıb". Həmin avadanlıqların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi tərəfindən Naxçıvanda ötən il yaradılan bir özəl şirkətə verildiyi ehtimal edilir.

İndi sual olunur. Dövlətin 1 milyon 475 min manat vəsaitinin sərf olunduğu avadanlıqlar hansı şirkətə verilib və nəyə görə? Əgər həmin su atraksionları satılıbsa, vəsait dövlət büdcəsinə köçürülübmü? Yoxsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi hesab edir ki, dövlət pulu ilə alınan avadanlıqları kiməsə hədiyyə edə bilər. Ümid edirik ki, komitə rəhbərliyi bu suallara və iddialara aydınlıq gətirəcəkdir.

Naxçıvanda tikinti sahəsində ciddi problemlər var. Bu sahədəki özbaşınalıq pik həddə çatıb. İsmayıl Əhmədov adlı bir şəxs MMC yaradıb, qanunsuz şəkildə tikintilərə nəzarət edir, hansı binanı istəyir sökdürürdü. Muxtar respublkanın hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra hələlik bunların qarşısı alınıb. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun sökdürdüyü və sökdürmək istədiyi tikintilərin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitə rəhbərliyi isə bu qədər həngamənin qarşısında “müdrikcəsinə” susur. Komitə sədri İlqar Sadıqova xatırladırıq ki, Naxçıvanda tikinti sahəsində olan qanunsuzluqlar, özbaşınalıqlar araşdırılacaq və problemlər öz həllini tapacaqdır. Cənab komitə sədri, əmin olun, bütün qanunsuzluqlar üzə çıxarılandan sonra sizə bu susqunluğunuza görə “sağ ol” deməyəcəklər.

TNS avadanlıqların qoyuluğu anbardan müəmmalı şirkətə verildiyi anın görüntülərini əldə edib. Həmin görüntüləri təqdim edirik;

TNS

Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...
Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...
Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...
Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...
Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...
Naxçıvanda "yoxa çıxan" milyonlar, tikintidə özbaşınalıq, “müdrikcəsinə” susan komitə sədri...