İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR? - Bakının LİFT DƏRDİ

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması və xəsarət alanların olması digər yaşayış binalarındakı liftlərin təhlükəliliyi məsələsini aktuallaşdırıb

İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR? - Bakının LİFT DƏRDİ
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması və xəsarət alanların olması digər yaşayış binalarındakı liftlərin təhlükəliliyi məsələsini aktuallaşdırıb. Son illər paytaxtın ayrı-ayrı ərazilərində bənzər hadisənin təkrarlanması ictimaiyyətdə narahatlıq doğurur.

İddialara görə paytaxt binaları keyfiyyətsiz və texniki göstəriciləri aşağı olan liftlərlə təmin edilir. Bu azmış kimi liftlərin istifadəyə yararlı olub-olmamasına nə vaxtı-vaxtında nəzarət edilir, nə də planlı baxış keçirilir. Nəticədə isə bədbəxt hadisələrin qurbanı sıravi vətəndaşlar olur.

Elə iki gün əvvəl Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında baş verən olay kimi…Liftin qırılması və 4 nəfərin xəsarət alması binanın liftinə xidmət göstərən şirkətin məsuliyyətsiz davranışını ortaya qoyur…

Araşdırmamızın izi ilə…

Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina “Universal servis" MTK -nın balansındadır.

Bunu Bizim.Media-ya lifti qırılan Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı binanın komendantı İntizam Piriyev də təsdiqləyib.

Hətta bildirib ki, bina 2008-ci ildə inşa edilib və lift də həmin ildə quraşdırılıb. Amma binaya məskunlaşma 20 il öncə olub. MTK rəsmisinin sözlərinə görə onların balansında olan binalardakı liftə “Evrostroy – S.S” MMC şirkəti xidmət göstərir. İki şirkət arasında müddətsiz müqavilə imzalanıb. Liftdə nasazlıq yarananda MTK şirkətin servisinə məlumat verir. Onlar liftə baxış keçirir və problemi qeyd edirlər. Bundan sonra MTK servis xidmətinə təmir pulunu verib lifti düzəltdirir. Yəni xidmətlə bağlı prosedur belə olur…

Binada liftlə bağlı nasazlıq isə ilk hadisə deyil. Sakinlərin bildirdiyinə görə dəfələrlə liftin xarab olması ilə bağlı bina nəzarətçisinə müraciət ediblər. Hətta elə olub ki, nasazlıq ucbatından lift günlərlə bağlı qalıb.

MTK müqavilə bağladığı şirkətdən niyə narazıdır?

İntizam Piriyev elə özlərinin də “Evrostroy – S.S” MMC-nin xidmətindən narazı olduqlarını dilə gətirib. Çünki liftdəki nasazlığın əsl səbəbini nə vaxtında araşdırıb onlara məlumat veriblər, nə də xidmət göstərdikləri dövrdə istənilən problemin kökünü birdəfəlik yoluna qoymaqda maraqlı olublar:

““Evrostroy – S.S” MMC, konkret desək Səməd adlı şirkət rəsmisi ilə müqaviləmiz var. Liftdə nasazlıq yarananda təmiri də Səməd edir. Bu şirkətin tək biz deyil, başqa binalarla da xidməti müqaviləsi var. Xidmət isə o deməkdir ki, liftlə bağlı hər şeyə cavabdehdirlər. Ustadır, gəlir yoxlayır və liftin hansısa detalında problem olduğunu deyir. Pulunu veririk, onlar isə təmir edir. Yalnış düzəldirlərsə, qüsur yaranırsa və yaxud nəyisə görə bilmirlərsə, o artıq xidmətin günahıdır. Biz lift mütəxəssisi deyilik axı…Adam gəlir yoxlayır və deyir ki, bu-bu detallar dəyişməlidir. Pulunu verirəm, düzəldir.

Hansı ki, başqa detallar da təmir edilməliymiş, özünü əziyyətə salmamaq üçün bəzi şeyləri demir.

Son hadisə ilə bağlı müstəntiq gəldi, izahat aldı, özü ilə mütəxəssis də gətirmişdi. Mütəxəssis liftdə əsaslı qüsurlar çıxarıb. Mən isə şirkət rəsmisinə iradımı bildirdim ki, bu 10 günün deyil, çoxdanın qüsurudur. Liftdə nə qədər qüsur varsa, şirkət cavabdehdir. Vaxtında bizə bu barədə məlumat verməli idilər. Məsuliyyəti kənara atmaqla deyil. Üstəlik başqa səbəb də gətirə bilməzlər, müqaviləmizin vaxtı bitməyib”.

“Evrostroy – S.S” MMC-nin Mətbuat Xidmətinin rəhbəri İradə Nurəddinqızı isə MTK rəsmisinin dediklərini təkzib edib. O, deyib ki, sözügedən ünvandakı bina və liftlərlə “Evrostroy-S.S” şirkətinin heç bir əlaqəsi yoxdur.

Ayrıca “Evrostroy – S.S” MMC-nin Səməd adlı rəsmisi də açıqlama vermək istəməyib və fikrini iki ay əvvəl şirkətdən çıxması ilə əlaqələndirib.

“Evrostroy – S.S” MMC -nin Akif Çovdarovla nə bağlılığı var?

“Evrostroy – S.S” MMC (Sipark) şirkətinin rəhbəri Taleh Abbasov, şəriki isə Seymur İsayevdir. Hazırda dələduzluqda ittiham olunan hər iki şəxslə bağlı iş məhkəmdədir. Belə ki, "Evrostroy-S.S" (MMC), "Zaman-İ" Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov "Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən məhkəməyə verilib.

Yerli mediada şirkət rəhbəri Taleh Abbasovun adı Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla yaxınlıqda hallanıb. Hətta “Evrostroy-S.S” MMC-nin Akif Çovdarova məxsus olduğu barədə də məlumatlar var.

Zaman-zaman mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbər və şikayətlər yer alıb. Bakıda inşaat işlərini podratçı qismində “Evrostroy-SS” MMC aparır. Hansı ki, binaların inşasını həyata keçirən şirkətin tikintidə keyfiyyəti və standartlara uyğunluğu şübhə doğuran armaturlardan istifadə etdiyi iddia olunur.

Bu şirkət həm də paytaxdakı xeyli sayda çoxmərtəbəli binanın liftlərinə cavabdehdir. Şirkətin xidmətində olan başqa binalarda da bəhs etdiyimiz analoji olay yaşanıb.

İddialara görə şirkətin servisi nasaz olan liftlərə standartlara cavab verməyən və sertifikasiyası olmayan detallardan istifadə etdiyi üçün bədbəxt hadisələr baş verir.

Qeyd edək ki, bu ilin fevralında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Evrostroy-SS” şirkətinin adını ən çox şikayət daxil olan tikinti şirkətləri arasında göstərmişdi.

Məlumatlara görə əvvəlki adı “Evrostoy – S.S” MMC olan indi ki, “Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını uzatmaqla məşğuldur.

Bununla bağlı sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, “Evrostoy – SS” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Şikayətlərdən aydın olur ki, bu şirkətin Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2021-ci ildə “Evrostroy-S.S” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 07 qəpik borcu var.

Məlumat üçün bildirək ki, ölkə üzrə qeydiyyata salınmış 20 minə yaxın lift var. Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində isə 5 400 lift var. Hazırda şəhərdə 2 400-dən çox liftin dəyişdirilməsinə ehtiyac var.

Xatırladaq ki, baş verən son lift qəzasında 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Xəsarət alan 2 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən müalicə olunaraq evə buraxılıb.