Banklar bu dolları niyə qəbul etmir? – Sui-istifadə
Son günlər bəzi banklar və valyutadəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əsginaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər
Son günlər bəzi banklar və valyutadəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əsginaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əsginasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əsginasları plastik kartlara mədaxil etmək mümkün olmur.
Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, söhbət daha çox 100 dollarlıq əsginaslardan gedir:
“Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əsginasda mis rəngli mürəkkəb qabı da qeyd olunur.
Yeni əsginasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əsginasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda bəzi Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar. Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avroluq əsginasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əsginaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər.
ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa belə, bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir. Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir. Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir”.