Ölkəmizdəki avtomobillərin 45 faizdən çoxunun yaşı 20 ildən yuxarıdır
Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol-nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.
Arazmedia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, ötən il ölkəmizdə 1 milyon 774 min 77 nəqliyyat vasitəsi qeydə alınıb:
“Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var”.
Mənbə: Ölkəmizdəki avtomobillərin 45 faizdən çoxunun yaşı 20 ildən yuxarıdır