2015-ci ili unutmayan "narahat" vətəndaş manatın dəyər itirəcəyinə inanır - Devalvasiyanın "1" addımlığında...

Ölkədə xarici valyutalarla bağlı panika müşahidə edilir

2015-ci ili unutmayan "narahat" vətəndaş manatın dəyər itirəcəyinə inanır - Devalvasiyanın "1" addımlığında...
Ölkədə xarici valyutalarla bağlı panika müşahidə edilir. Bu ifadəni yazının lap əvvəlində qeyd etmək lazımdır: əslində, hökumət, panika yaradır. İnsanlar manatın tezliklə dəyərdən düşəcəyinə çox inanır. Cəmiyyətdə bununla bağlı ciddi təşviş var. Çünki manatın dəyərdən düşməsi sosial müstəvidə ağır nəticələr verir. Ölkədə 2015-ci ildə baş verənləri unutmayıblar.
Bizimyol.info xəbər verir ki, hökumət 2023-cü ilin sonlarından, xüsusilə ABŞ dolları ətrafında panika yaratmağa xidmət edən addımlar atır. Hələ dekabrda köhnə əsginasların qəbul edilməməsi ortaya çıxmışdı. Yəni “ağ dollar” kimi tanınan açıq rəngli kağız pulları banklar yaxına buraxmadı. Valyutadəyişmə məntəqələrinə üz tutanlara həmin əsginasları qəbul edə bilməyəcəklərini deyirdilər. İnsanların qəzəbi yerə-göyə sığmırdı. Bundan sonra Mərkəzi Bankın rəhbəri Taleh Kazımov çıxıb açıqlama verdi ki, “ağ dollar”ların qəbulunda problem ola bilməz, sadəcə, ləkəli kağız pulları götürəndə komissiya tutulacaq.

“Azərtürkbank” müvəkkil bank seçilib, insanlar köhnə əsginaslarla ora üz tutur. Amma Mərkəzi Bankın tapşırığına görə, ən kiçik ləkə də yararsız diaqnozu üçün əsas sayılır. Bu halda, 10-15 faiz komissiya tutulur.

Hadisələr gözümüzün qabağında baş verir. Hökumət qaşınmayan yerdən qan çıxarır. İnsanlara mesaj verilir ki, əlinizdəki xarici valyutanı dəyişmək problemə çevrilə bilər. Onlar da haqlı olaraq düşünürlər ki, manat dəyərdən düşəcək, yoxsa belə "qayda" çıxarılmazdı.

Üstəlik, dollara tələbat artıb. Fevralın 13-də keçirilən hərracda rekord qeydə alınıb. Birdən-birə 151,1 milyon dollar satılıb. Halbuki fevralın qalan günləri ərzində ümumi satış heç 220 milyon dollar olmamışdı. Sanki devalvasiyanın bir addımlığındayıq.

Mərkəzi Bankın rəhbərliyi heç inamlı danışmır. Necə deyərlər, ürəklərə şübhə toxumu səpir. Hökumət valyuta ehtiyatlarının manatın məzənnəsini qorumaq üçün xərcləyənə oxşamır. Yəni 2015-ci ilə qədər atılan addımlar effektsiz sayılır. Neft hasilatı da sürətlə azalırsa, devalvasiyanın uzaqda olmaması təəssüratı yaranır. Ekspertlər deyir ki, uzağı bir ilə manatın dəyərdən düşməsini gözləmək olar.