Azərbaycan və Türkiyə yeni hədəflərə birlikdə çatacaqlar

 Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub

Azərbaycan və Türkiyə yeni hədəflərə birlikdə çatacaqlar
 
Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb.
Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən iki ölkə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə aydın şəkildə göstərirlər. Azərbaycanda prezident seçkilərindən sonra cənab İlham Əliyevin Türkiyəyə səfəri bu qardaşlığın ən parlaq nümunələrindəndir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəflərin mesajlarını verdilər. 
Bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir, heç kim bu dostluğa xələl gətirə bilməz. Strateji müttəfiqlərik, fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür, heç bir məsələdə fikir ayrılığı yoxdur. Azərbaycan həmişə Türkiyəyə qarşı uzanan əllərin qarşısını almağa hazır olub və bunu əməli ilə təsdiqləyib. Qardaş Türkiyə də hər zaman Azərbaycanın yanındadır. Bu müttəfiqlik tarixin çətin sınaqlarından çıxaraq özünü təsdiqləyib. İkinci Qarabağ müharibəsində tarixi zəfərin əldə edilməsində Türkiyənin Azərbaycana göstədiyi mühüm siyasi və mənəvi dəstək unudulmazdır. 
Prezidentin qeyd etdiyi kimi: “Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.”
2020-ci ilin noyabrında İkinci Vətən müharibəsi günlərində Türkiyə Cümhuriyyəti dünyaya mesaj verdi ki, haqq-ədalət uğrunda mübarizəsində həmişə Azərbaycanın yanındadır. Dünyanın böyük dövlətləri, təşkilatları Azərbaycanın haqq işinə müdaxilə edə bilməzlər, əks halda qarşılarında Türkiyəni görəcəklər. Savaşın ilk saatlarından bəyan edildi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək ölkəmiz üçün yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilinməyən tarixi problemi Azərbaycan Ordusu savaş meydanında cəmi 44 gün ərzində həll etdi.
Türkiyə Cümhuriyyəti Azərbaycan üçün sınanmış bir dövlətdir. Hər iki dövlət, xalq, ölkə lideri bir-birinə qardaş deyir. Dünya, o cümlədən Cənubi Qafqaz regionunda böyük dəyişikliklərdən sonra Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir
İki qardaş ölkədə Prezident seçildikdən sonra ilk rəsmi səfərlərin qarşılıqlı olması artıq ənənəyə çevrilib. Bu həm də dünyaya bir mesajdır – bir millət, iki dövlət. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri onu göstərir ki, hər iki ölkə türk dünyasını gücləndirmək, birliyini möhkəmlətmək, qorumaq və onu böyük bir gücə çevirmək üçün çalışmaqdadır
 
 Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor