Azərbaycan və Konqo çoxtərəfli əməkdaşlığa start verir
Dövlət müstəqilliyinin qorunub saxlanması və ölkədə sosial-iqtisadi rifahın təmin olunması üçün dövlət idarəetməsi sahəsində əsrlərdən bəri gələn və artıq öz təsdiqini tapmış bütün dövrlər üçün keçərli olan bir təcrübə var ki, o da ölkənin beynəlxalq əlaqələrinin düzgün formalaşdırılması, digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır.Azərbaycan xarici siyasətinin formalaşdırılmasında qeyd olunan yanaşmanı baza prinsiplərdən biri kimi qəbul edən Cənab Prezident İlham Əliyev ölkəmizin başqa ölkələrlə müsbət dostluq əlaqələrinin qurulmasında gözləgörülən uğurlara imza atmışdır. Bu gün dünyada gedən siyasi proseslərə nəzər saldıqda aydın şəkildə görmək mümkündür ki, beynəlxalq arenada; beynəlxalq təşkilatlar və digər müxtəlif platformalar çərçivəsində, dövlətlərin bir-birlərinin maraqlarını müdafiə etməsi və dəstəkləməsi dünyadakı mövcud siyasi konyukturada çox mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, xarici siyasət strategiyasının düzgün müəyyənləşdirilməsi və icrası coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Sonra hər iki dövlətlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi reallaşıb. Həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri ölkəmizin Afrika qitəsi ilə əməkdaşlığında yeni səhifə açdı. Bu qənaətə gəlməyimizin əsas səbəbi ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində “qara qitə”nin bir çox dövlətləri, o cümlədən Konqo ilə uğurlu fəaliyyətinin nəticəsidir.
Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrılıqda dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmağa daim maraq göstərir. Bütün bunlar isə öz növbəsində həm dünyada, həm də regionda mühüm sabitlik amilidir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dünyada sabitliyə və davamlı sülhə öz əvəzsiz töhfələrini verir.
Bəli, bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələrinin Bakının bununla bağlı sağlam və xoşməramlı siyasətini dəstəkləməsi tam təbiidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir. Azərbaycanın qarşılıqlı etimada, çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri onun dünya birliyindəki əlaqələrini daha da genişləndirir. İki ölkə bundan sonra bir sıra sahələrdə əməkdaşlıq edəcəkdir. Səfər zamanı imzalanmış Azərbaycan-Konqo sənədləri bu əməkdaşlıq üçün əsas yaradır. Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialı vardır. Energetika və kənd təsərrüfatı, siyasi, təhsil və başqa sahələrdə əməkdaşlığa yeni imkanlar açılacaqdır. Göründüyü kimi, Azərbaycanın qarşılıqlı etimada, çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri onun dünya birliyindəki əlaqələrini daha da genişləndirir.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru