“Sosial müdafiəyə ehtiyacı olan şəxslər əmək bazarına ixtisaslı kadr qismində cəlb edilə biləcəklər”

“Təhsil haqqında qanuna təklif edilən yeni əlavələri dövlətin sosial siyasətinin çox mühüm bir hissəsi kimi qiymətləndirməliyik

“Sosial müdafiəyə ehtiyacı olan şəxslər əmək bazarına ixtisaslı kadr qismində cəlb edilə biləcəklər”





“Təhsil haqqında qanuna təklif edilən yeni əlavələri dövlətin sosial siyasətinin çox mühüm bir hissəsi kimi qiymətləndirməliyik. Belə ki, İcbari təhsil-baza təhsili hesab olunur ki, hər kəsin, istənilən vətəndaşın bu hüququ təmin edilməkdədir. Lakin bundan sonrakı mərhələdə xüsusən, təhsil haqlarının ödənişində çətinlik yarananda təssüflər olsun ki, bəzi şəxslər təhsilini davam etdirməkdə problemlərlə üzləşirdi. Layihənin mütərəqqi cəhəti istər özəl ali təhsil müəssisələrini, istərsə də peşə təhsili müəssisələrində təhsil alanları əhatə etməsidir.” Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva təhsil haqqında qanuna edilən dəyişikliklərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, əvvəllər bu istiqamətdə işlər görülsə də, bu qədər təhsil alanı əhatə edən layihə təqdim edilməyib. Deputat bildirib ki, qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdiriməsi məqsədilə hazırlanmışdır. Yəni, bu sahədə qanunvericilik aktları mövcud olsa da, əhatə dairəsi daha məhdud idi, əsasən valideynlərini itirmiş yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil haqqının büdcə vəsaiti hesabına ödənilməsini nəzərdə tuturdu: “Lakin bu layihəyə əsasən, Təhsil haqqında qanunda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi nəzərdə tutulur. 8 bənddə kifayət qədər geniş təsir dairəsinə malik təhsil alanlar artıq bu layihənin təsdiqlənməsi ilə güzəştlər əldə edə biləcəklər.”
Deputat qeyd edib ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində müharibə veteranı adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur: “Təbii ki, dövlətin bu sahədə sosial siyasəti daha çox təhsildən sonrakı mərhələdə öz uğurlu nəticələrini verəcək. Nəticə etibarı ilə sosial müdafiə ehtiyacı olan bir qrup şəxs sonrakı mərhələdə əmək bazarında ixtisaslı kadr qismində cəlb ediləcəklər. Məlumdur ki, məşğulluğun təmin olunmasında da ən əsas problem hələ də işaxtaranların böyük bir qisminin ixtisaslı kadr olmamasıdır”.