Elminin nuru ilə xalqına nur olan əziz insan - Zərifə Əliyeva
Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdu. Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Tibb elminə həsr olunmuş ömür yolu Azərbaycan elminə böyük töhfələr vermişdi. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə isə aspiranturaya daxil olur. Praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
Elmi fəaliyyəti zəngin araşdırmalar ilə əhatə olunmuşdur. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Fəaliyyətinin önəmli qismi traxoma infeksion xəstəliyi ilə bağlı olmuşdur. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir. Beləcə ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım nəcib və mərhəmətli insan kimi kimsəsiz uşaqları da qayğıdan kənarda qoymurdu. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alimyalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır. Xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti İnstitutda çalışan dövrdə Zərifə Əziz qızı bir çox cərrahiyə əməliyyatları aparır. Xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmırdı. Bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Böyük tətbiqi əhəmiyyət kəsb edən tədqiqatların əsas istiqamətlərini nəzərdən keçirək. Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.
Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
Sadə Azərbaycan ziyalısı, qəlblərin sevimlisi Zərifə xanım həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Ulu öndər Heydər Əliyevin xatirələrində Zərifə xanımın əksini görmək böyük dəyərdir. “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi
Gununxeberi.az