Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaqdır

  08 Aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaqdır


Prezident Şirvan suvarma kanalının təməlini qoyub -VİDEO+FOTO

 

08 Aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı. Bundan qısa müddət sonra-16 aprel 2024-cü il tarixdə dövlət başçımız Şirvan suvarma kanalının təməlini qoydu.

Məlumdur ki, uzun illərdir ki, müxtəlif dövlət proqramları çərçivəsində ölkəmizdə infrastruktur layihələri icra olunmaqdadır. Bu çərçivədə illər boyunca  ölkədaxili yollar təmir olunmuş, qazlaşdırmanın səviyyəsi artırılaraq 96 faizə çatdırılmış, eletrik enerjisi ilə təminat əhəmiyyətli dərəcədə artırılmışdır. Hazırda dövlətimiz tərəfindən qarşıya qoyulan əsas infrastruktur layihəsi məhz  içməli su layihələri və suvarma layihələridir.

Əbəs yerə deyildir ki, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalaraq, tezliklə su böhranı olacağını hayqırırlar. Bu gün dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin yarısı ilin ən azı bir dövründə ciddi su qıtlığı yaşayır. Son 20 ildə torpaq nəmi, qar və buz da daxil olmaqla yerüstü su ehtiyatı ildə bir sm-ə qədər azalıb və bu vəziyyət su təhlükəsizliyi baxımdan önəmli nəticələr doğurur. Beləliklə, su qlobal əhəmiyyətə malik strateji silahdır və təəssüf ki, dünya əhalisi artıqca bu nemət tükənməyə başlayır. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Ölkəmizdə də su qıtlığı məsələsi daim diqqət ayrılan strateji məsələlərdən biridir. Azərbaycanın yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da cəmi 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb. Təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Bütün bunlar kifayət qədər ciddi problemlərdir. Ancaq Azərbaycan dövləti buna qarşı da mübarizə aparmağa hazırdır. Bu istiqamətdə son illərdə bir çox addımlar atılıb ki, bu addımlardan biri də yuxarıda qeyd edildiyi kimi, Şirvan suvarma kanalının təməlinin qoyulmasıdır. Dövlət başçımız təməlqoyma mərasimində çıxış edərək ölkəmizdə bu çərçivədə görülən və görüləcək işlər barədə geniş məlumatlar verdi. İlk olaraq vurğulandı ki, faktiki olaraq kanal yenidən inşa ediləcək. Nəzərə alsaq ki, kanal artıq 60 ildən çoxdur ki, fəaliyyət görtərir və böyük dərəcədə sıradan çıxıb onda bu qərarın nə qədər təqdirəlayiq olduğunu aydın müşahidə edərik. Torpaq məcralı olan kanalın yenidən inşa edilməsi su itkilərinin qarşısını alacaq və bundan irəli gələn problemlərin həllində birbaşa rol oynayacadır. Dövlət başçımız bu başlıq altından görülən əsas işlərdən bir neçəsini sadalayaraq, Taxtakörpü-Ceyranbatan suvarma kanalını və Şəmkirçay su anbarını qeyd etdi. O da vurğulandı ki, işğaldan azad olunan Qarabağda görülən infrastruktur layihələri də böyük əhəmiyyət kəsb edir. Bunun əsas səbəblərindən biri odur ki, Qarabağ və Zəngəzurda mövcud olan su ehiyatları daxili resurslardır. Bildiyimiz kimi, bizim əsas çaylarımız- Kür çayı, Araz çayı, Samur çayı xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resurslarının xüsusi əhəmiyyəti var.

Ölkə başçımızın çıxışında vurğulanan əsas başlıqlardan biri də milli sərvətimiz olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılacağı ilə bağlı oldu. Yuxarıda qeyd edildiyi kimi, ölkənin mövcud su mənbələri iqlim dəyişikliyinin təsiri ilə getdikcə azalır. Digər tərəfdən, Azərbaycanın su ehtiyatları qonşu ölkələrdən gələn suların azalması fonunda ehtiyacı ödəməməkdədir. Belə bir şəraitdə Xəzər dənizi çox yaxşı alternativdir. Xəzərin suyunun şirinləşdirilib ilkin mərhələdə kənd təsərrüfatında, sonradan isə içməli su kimi istifadə olunması üçün böyük potensial var.

 

 

 

Xəqani Şirinov

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr

 Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri