Paşinyanın ofisi Bakı və Yerevan arasında ilkin razılaşmanı ‘mühüm hadisə’ adlandırıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan baş naziri ofisinin İnformasiya və İctimai Əlaqələr departamenti iki ölkənin baş nazir müavinləri arasında aprelin 19-da əldə olunmuş razılaşmaya münasibət bildirib

Paşinyanın ofisi Bakı və Yerevan arasında ilkin razılaşmanı ‘mühüm hadisə’ adlandırıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan baş naziri ofisinin İnformasiya və İctimai Əlaqələr departamenti iki ölkənin baş nazir müavinləri arasında aprelin 19-da əldə olunmuş razılaşmaya münasibət bildirib.

Departamentdən Ermənistanın Armenpress dövlət xəbər agentliyinə bildirilib ki, tərəflər ilk dəfə olaraq sərhəd seqmentinin demarkasiyasına dair razılaşma əldə ediblər.

Başqa sözlərlə Ermənistanın Azərbaycana qaytarmağa hazır olduğunu bildirdiyi dörd kəndin olduğu sektorda faktiki olaraq iki ölkə arasında ilk demarkasiya aktı baş verib.

Razılaşmada Azərbaycanın Qazax rayonunun dörd kəndi ilə Ermənistanın bu kəndlərə qonşu kəndləri arasında sərhəd xətti müəyyənləşdirilib.

Sovetin ən son xəritəsi

Məlumatda deyilir ki, xüsusi olaraq dərc olunmuş xəritə Azərbaycan sərhədinin Ermənistan və Gürcüstan arasındakı dövlətlərarası yola son dərəcə yaxınlaşdığını göstərir.

Bu da qeyd olunur ki, bu yolun Ermənistanın Kirants kəndi yaxınlığından keçən hissəsi Azərbaycanın nəzarətinə düşür.

Dərc olunmuş xəritədə keçmiş SSRİ-nin daxili sərhədləri və onlara ediləcək dəyişikliklər yer alıb.

Armenpressin demarkasiya prosesi üçün hansı ilin xəritəsindən istifadə olunacağına dair sualına cavab olaraq baş nazirin ofisi bildirib ki, söhbət SSRİ dövrünün topoqrafik xəritələrindən gedir.

Məlumatda qeyd olunduğuna görə mühüm məqam bundan ibarətdir ki, sərhəd Komissiyalarının bəyanatına görə Sovet İttifaqının çökdüyü anda mövcud olmuş sərhədlərin hüquqi bazası bərpa olunur. Yəni söhbət sovet Ermənistanı və sovet Azərbaycanı arasında mövcud olmuş sərhəddən gedir.