Azərbaycan Qazaxın dörd kəndinin qaytarılmasının razılaşdırıldığını bildirir

Bugün, aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü olub

Azərbaycan Qazaxın dörd kəndinin qaytarılmasının razılaşdırıldığını bildirir

Bugün, aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü olub.

Bu barədə rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Görüş zamanı komissiyaların bir sıra məsələlər barədə razılığa gəldikləri bildirilir:

“… Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində, onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırıblar.”

Habelə bildirildiyinə görə, qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq tərtib edilsin və bu, bu il mayın 15-nə kimi sənədləşdirilərək razılaşdırılmalı, imzalanmalıdır.

“… Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun” – məlumatda qeyd edilir.

Paralel olaraq Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin iyulun 1-nə kimi başa çatdırılması da nəzərdə tutulur.

Eyni zamanda tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar:

“… Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq, sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.”

Yerevandan məlumat

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşü və əldə olunmuş razılaşmalar barədə rəsmi Yerevan da məlumat yayıb.

Məlumatda sərhədin artıq delimitasiyasıyalı sayılan seqmentləri barədə deyilir ki, Komissiyalar arasında əldə olunmuş razılaşmanın hansısa müddəası Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında Sülh və Dövlətlərarası Münasibətlər haqqında gələcək sazişə uyğun gəlməzsə, onda həmin müddəa “sülh sazişinə” uyğunlaşdırılmalıdır.

Bəyanata görə 19 aprel görüşünün nəticəsi olaraq protokol imzalanıb və qərara alınıb ki, iş qaydasında gələcək görüşün vaxtı və yeri razılaşdırılmalıdır.

Azadlıq radiosu