Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyevin şikayəti təmin edilmədi

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” saytının direktoru Ülvi Həsənlinin, saytın baş redaktoru Sevinc Vaqifqızının, o cümlədən “Meclis

Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyevin şikayəti təmin edilmədi

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” saytının direktoru Ülvi Həsənlinin, saytın baş redaktoru Sevinc Vaqifqızının, o cümlədən “Meclis.info” saytının rəhbəri İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmaması barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətləri təmin olunmayıb.

Vəkillərin Amerikanın Səsinə verdiyi məlumata görə, ayrı-ayrı vaxtlarda keçirilən məhkəmələrdə birinci instansiya məhkəməsinin qərarları qüvvədə saxlanılıb.

Vəkillər qeyd edir ki, adı çəkilən şəxslər məhkəmə proseslərində həbsdə qalmaları üçün heç bir əsas olmadığını və həbslərinib jurnalist fəaliyyətləri ilə əlaqəli olduğunu bildiriblər.

Xatırladaq ki, mayın 9-da Xətai Rayon Məhkəməsi “Abzas Media” saytının direktoru Ülvi Həsənlinin, saytın baş redaktoru Sevinc Vaqifqızının, o cümlədən “Meclis.info” saytının rəhbəri İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlərini təmin etməyib.

Xatırlatma

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-də xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də “Meclis.info” saytının rəhbəri İmran Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın səsi