Paris Yeni Kaledoniyadakı iğtişaşlarda Bakını günahlandırır
Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib.
Jurnalistin Azərbaycanın, Rusiyanın və ya Çinin Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran nazir belə deyib: “Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır”. O, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarından bəzilərinin Azərbaycanla sövdələşməsindən təəssüfləndiyini bildirib.
Rəsmi Bakı müdaxilə ittihamlarına cavab verib, onları “əsassız” adlandırıb və “təhqiredici” bəyanatlar kimi qiymətləndirib. “Fransanın daxili işlər naziri Jerald Darmanenin… “France-2″ telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuata açıqlamasında bildirilir.
Bu il aprelin 18-də Azərbaycan və Yeni Kaledoniya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fransanın daxili işlər naziri Jerald Darmanen Bakını buna görə tənqid edib.
Azadlıq radiosu