Qaradağda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi
01 iyun 2024-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, şəhid ailələrinin və qazilərin uşaqları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Daha sonra tədbir bayram konsert ilə davam etdirilib. Cizgi filmi personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin şagirdlərinin, Ə.Əmirov adına Mədəniyyət Sarayının əməkdaşlarının çıxışları bayram ovqatını daha da artırıb. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.
Mənbə: Qaradağda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi