Apellyasiya Məhkəməsi yenə Tofiq Yaqublunu həbsdə saxlayıb
İyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına keçirilməsindən imtina və həbsinin uzadılması ilə bağlı şikayəti təmin edilməyib.
Bu barədə Turan-a Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə, hər iki apellyasiya şikayətinə ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən prosesdə baxılıb.
“Məhkəmə prosesi Tofiq Yaqublunun hakimi və Əliyev hakimiyyətini sərt tənqid etməsi ilə keçib. Prosesə hakimlər Zaur Hüseynov və Murad Məmmədov sərdlik ediblər”, deyə o qeyd edib.
Nigar Həzi deyib ki, hakimlər birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıblar. “Mənin 93-cü ildən bu yana heç bir hüququm yoxdur. Məni nə qədər şərləyib həbs etmək olar?! Hələ bir hakimin bu vaxta qədər mənim haqqımda ədalətli qərar çıxardığını görməmişəm. Çünki hamınız ləyaqəti olmayan kölələrsiniz!”, deyə Nigar Həzi Tofiq Yaqublunun məhkəmədəki çıxışından sitat gətirib.
* Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və saxta sənəd hazırlama ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
Turan