H.Əliyevin heykəlinə ‘Stalin’ yazan gənc haqqında hökm dəyişdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, Mərkəzi Bankın önündəki parkda Heydər Əliyevin heykəlinə “Stalin” yazandan dərhal sonra narkotik ittihamı ilə tutulan Elbəyi Kərimli haqqında hökm dəyişib

H.Əliyevin heykəlinə ‘Stalin’ yazan gənc haqqında hökm dəyişdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, Mərkəzi Bankın önündəki parkda Heydər Əliyevin heykəlinə “Stalin” yazandan dərhal sonra narkotik ittihamı ilə tutulan Elbəyi Kərimli haqqında hökm dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə 6 il həbs cəzası kəsmişdi. İyunun 6-da apellyasiya məhkəməsi ittihamdan satış məqsədini çıxarıb və CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsinə tövsif edib. Cəzasını da 5 ilə endirib.

E.Kərimlinin 21 yaşı var. Ona verilən əvvəlki ittiham maddəsində 5 ildən 12 ilədək cəza nəzərdə tutulurdusa, CM-in 234.1-1-ci maddəsinin sanksiyası 3 ildən 8 ilədəkdir.

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində qərardan öncə E.Kərimlinin özü və vəkili çıxış edərək narkotik ittihamının saxta olduğunu vurğulayıblar.

Siyasi baxışlarına, tənqidlərinə görə cəzalandırıldığını bildirən E.Kərimli cibinə narkotikin polis bölməsində qoyulduğunu söyləyib.

Nemət Kərimli
Nemət Kərimli

Yeni hökmdən kassasiya şikayəti veriləcək

Müvəkkilinin təqsirsiz olduğunu deyən vəkil Nemət Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini, E.Kərimliyə bəraət verilməsini istəyib.

Prokuror buna qarşı çıxaraq deyib ki, ittiham da, kəsilən cəza da əsaslıdır və dəyişməməlidir.

Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası hökmü dəyişərək ittihamı nisbətən yüngülləşdirib və cəzanı 6 ildən 5-ə endirib.

Vəkil N.Kərimli AzadlıqRadiosuna bildirib ki, yeni hökm də onları qane etmir. Bu üzdən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Biz bəraət istəyirik, axı bu adam, ümumiyyətlə, o cinayəti törətməyib, narkotikin ona aidiyyəti yoxdur”.

Azadlıq radiosu