Bəxtiyar Hacıyev mülki klinikada müayinədən keçəcək
Penitensiar Xidmət həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin özəl mülki klinikada ailəsinin vəsaiti hesabına müayinədən keçməsinə razılıq verib. Qurban bayramı ilə bağlı tətil günləri başa çatdıqdan sonra onun müayinəsi özəl klinikalardan birində həyata keçiriləcək.
Bu barədə iyunun 17-də Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev onunla telefon danışığından sonra bildirib.
“Bəxtiyar son zamanlar səhhəti ilə bağlı problemlərin olduğunu bildirir. Yuxuya gedə bilmir, əsəb sistemində problemlər yaranıb, başında ağrılar olur. Onda depressiyaya düşmə halları var. Qardaşımın Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçmək üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, müxətlif bəhanələrlə imkan vermirdilər. Mənimlə telefon danışığında dedi ki, sonuncu dəfə öz vəsaiti hesabına mülki klinikalardan birində MRT-dən keçmək istədiyini bildirib və buna razılıq veriblər”, deyə Vüqar Hacıyev qeyd edib.
Onun nsözlərinə görə, müayinə nəticəsində müalicə təyin edilərsə, ailəsi onun mülaicəsi və dərmanları üçün vəsaiti də ödəməyə hazırdır.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama grə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.
Turan