Baş prokuror: Separatçılarla bağlı istintaq başa çatıb

Ötən ilin sentyabrında Qarabağda keçirilən əməliyyatlardan sonra həbs edilən oradakı separatçı qurumun rəhbərliyində olmuş şəxslərin istintaqı başa çatıb

Baş prokuror: Separatçılarla bağlı istintaq başa çatıb

Ötən ilin sentyabrında Qarabağda keçirilən əməliyyatlardan sonra həbs edilən oradakı separatçı qurumun rəhbərliyində olmuş şəxslərin istintaqı başa çatıb.

Bu barədə baş prokuror Kamran Əliyev iyunun 24-də Xankəndidə “Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bəhs edib

K.Əliyev qeyd edib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: “Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.

Söhbət Qarabağdakı keçmiş separatçı qurumun liderləri- “prezidentləri” olmuş Arkadi QukasyanBako SaakyanArayik Harutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova MnatsakanyanDavid Manukyan və digərlərindən gedir.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Amma Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizləmə” kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan Yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin həmin şəxs sonradan Ermənistana getdikdən sonra bu qərardan imtina edildiyini açıqladı.

Həmin vaxt da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Azadlıq radiosu