Həbsxanada 12 gündür aclıq edən Fazil Qasımov ictimaiyyətə müraciət edib

“Barəmdə açılan siyasi motivli cinayyət işinə xitam verilməsi və elmi fəaliyyətimi davam etdirmək üçün Türkiyəyə qayıtmağıma icazə verilməsi tələbi ilə iyunun 14-dən aclıq aksiyasına başlamışam

Həbsxanada 12 gündür aclıq edən Fazil Qasımov ictimaiyyətə müraciət edib

“Barəmdə açılan siyasi motivli cinayyət işinə xitam verilməsi və elmi fəaliyyətimi davam etdirmək üçün Türkiyəyə qayıtmağıma icazə verilməsi tələbi ilə iyunun 14-dən aclıq aksiyasına başlamışam. Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına ehtiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Üniversitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”.

Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fazil Qasımovun ictimaiyyətə müraciətində deyilir.

Müraciəti Amerikanın Səsinə fazil Qasımovun ailəsi təqdim edib.

Ailə üzvlərinin dediyinə görə, Fazil Qasımovun aclığı qeydə alınıb və o ümumi kamerada saxlanmasına baxmayaraq həkim nəzarətindədir.

“Fazilin qan təzyiqi 80/60 nisbətindədir. 15 kiloqramadək çəki itirib. Bədəni sanki quruyub, müvazinətini saxlaya bilmir”, ailə üzvü onunla görüşdən sonra Amerikanın Səsinə deyib.

Fazil Qasımov müraciətində bildirir ki, həyatını insanlığa faydalı olmağa həsr etmiş təşəbbüskar bir elm adamı və sosial ədalət aktivisti olaraq ictimaiyyətin köməyinə ehtiyacı var.

“Lütfən, həyatımı itirmədən dəstək olub məni zindandan çıxarın. UN GSP (Diplomdan sonrakı təhsil proqramı) məzunu, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə QHT komitəsinin fəal üzvü, YTB (Türkiyədə Təhsil Təqaüdü) təqaüdçüsü və İstanbul Universitetinin doktorantı olaraq dünya liderlərindən, o cümlədən BMT və UNESCO rəhbərliyindən, Türkiyə və İsveçrə Prezdentlərindən, Almaniya və Böyük Britaniya baş nazirlərindən, ABŞ dövlət katibindən, həmçinin YTB rəhbərliyindən, Türkiyənin millət vəkillərindən və elmi ictiamaiyyətindən, Nobel Mükafatı laureatlarından azadlığa çıxmağım üçün mənə köməklik göstərmələrini xahiş edirəm”, o qeyd edir.

Qasımov yazır ki, 2022-ci ilin dekabr ayında Mərakeşin Rabat şəhərində onun iştirak etdiyi UNESCO tədbirində “çay” Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb.

“Həmin tədbirdən 10 ay sonra Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) çayıma qatılan psixotrop maddənin təsiri altında hədə-qorxu ilə yalan ifadə yazmağa və Bakı İstintaq Təcridxanasında eyni metodla həmin ifadəni Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu ilə üzləşdirmədə təsdiqləməyə məcbur edilmişəm. Həyatı boyu siqaret çəkməyən elm adamının çayına psixotrop maddələr qatmaq analoqu olmayan vicdansızlıqdır. Azərbaycan xalqının qonaqpərvərliyinin simvolu olan və UNESCO-nun reprezentativ siyahısına daxil edilən çaydan belə çirkli məqsədlər üçün istifadə olunması xalqımıza və mədəni irsimizə qarşı hörmətsizlikdir”, o qeyd edib.

O, BMT-nin Baş katibinə müraciət edərək bildirir ki, Azərbaycanda təqsirləndirilən şəxslərin, qida qəbulunda gizli formada psixtrop maddələrin istehlakına təhrik edilməsinə son qoyulması üçün BMT-nin faktaraşadırıcı missiyası tərəfindən müvafiq yoxlamaların aparılması zəruridir.

“BMT-nin baş katibi Antonio Qutarreşdən, istintaq altında mənə qarşı baş verən insan hüquqları pozuntularının araşdırılması üçün məruzəçi təyin etməsi xahiş olunub. COP29 kimi mötəbər BMT tədbirinə ev sahibliyi edən ölkədə BMT-nin İşgəncələrə qarşı Konivesyasına zidd olaraq kobud insan hüquqları pozuntularının baş verməsinə hörmətli Antonio Qutarreşin səssiz qalmayacağına inanıram”.

O, Azərbaycanda məcburi köçkün ailəsində böyüduyünü, qəbul imtahanında 700 maksimum baldan 693,75 bal toplayaraq Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü yazır.

“2010-cu ildə Türkiyəyə köçərək ali təsilimi İstanbul şəhərində davam etdirmişəm. 2019-cu ildən etibarən İstanbul Universitetində elmi təqdiqatlar aparıram. Mənim dünyagörüşüm təfəkkürüm, ictimai şüurum Türkiyədə inkişaf edib. Məni ləkəyənlər, Türkiyə müəllimlərini, Türkiyə Universitetlilərini, Türkiyə məzunlarını və bütövlükdə Türkiyə Cümhuriyyətini ləkələyirlər. Mənim çayıma psixotrop maddələr qatıb, başımı unitaza salıb ləyaqətimi alçaldanlar İstanbul Universitetinin tələbə, məzun və müəllimlərinin ləyaqətini alçaldıblar. Mən 2023-cü ilin may ayında Türkiyə vətandaşlığına müraciət etmişəm və iş vizam ola-ola, BMCMİ-nin tələbi ilə, 7 avqust 2023-cü ildə qanunsuz olaraq Türkiyədən deportasiya edilmişəm. BMCMİ-də dindirmə zamanı qeyri-inasani, qəddar, ləyaqəti alçaldan rəftara, ağır-işgəncələrə, hədə-qorxulara məruz qalmışam. 13 mayda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya yazdığım ərizədə bu barədə ətraflı məlumat vermişəm. Bütün bu zorakılıqlara London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi Qubad İbadoğlu ilə birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu (ingiliscə, AYEF-Azerbaijani Youth Educational Foundation) qeydiyyatdan keçirdiyimizə və Azərbaycan İqtisadiyyatı ilə bağlı tədqiqatlar apardığımıza görə məruz qalmışam. Mən nə Türkiyədə, nə də Azərbaycanda cinayət törətməmişəm”, Qasımov qeyd edib.

O, Türkiyədə yaşadığı illərdə Azərbaycanla bağlı çoxlu sayda sosial, mədəni təşəbbüslər irəli sürdüyünü yazıb.

“2016-cı ildə UNESCO ilə Azərbaycan QHT-ləri arasında yeni əlaqələr qurmuşam, 2017-2018-ci illərdə UNESCO Gənclər Forumunda Azərbaycanı təmsilən iştirak edib layihələr təqdim etmişəm, 2019-cu ildə UNESCO QHT Forumunda inklüziv layihə ilə iştirak etmişəm, 2020-ci ildə UN GSP (United Nations Graduate Study Programme) məzunu olmuşam və Azərbaycanın qeyri maddi mədəni irs üzrə ilk UNESCO kafedrasını təhsis etmişəm, 2022-ci ildə Azərbaycanın ilk Onkologiya Portalını yaratmışam”.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Biz 2021-ci ilin payızına qədər Mübariz Mənsimovun azadlığa çıxmasına kömək olmaq və ona edilən haqsızlıqları ictimailəşdirmək üçün ünsiyyət saxlamışıq. Mübariz Mənsimovun xeyirxah, nəcib əməlləri Azərbaycan xalqına yaxşı məlumdur. Mən 2010-cu ildə Mübariz Mənsimovdan aldığım təqaüdlə Türkiyədə təhsilimi davam etdirmişəm. Ona görə də Mübariz Mənsimovun şərlənərək həbs olunmasına səssiz qala bilməzdim. Qubad İbadoğlu da bir təəssübkeş azərbaycanlı ziyalı kimi Mübariz Mənsimovu müdafiə edirdi. 2021-ci ilin payızından etibarən biz Azərbaycan iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparmışıq. İki azərbaycanlı iqtisadçının Azərbaycan iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparmasında anormallıq və ya cinayət tərkibi yoxdur. Mən 2021-ci ilin dekabr ayında Qubad İbadoğluna Londonda təhsil fondu yaratmağı təklif etmişəm. Çünki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən icra olunan “2019-2023-cü illər xaricdə təhsil üzrə dövlət proqramı” nın müsabiqələrindən 3 dəfə mənfi cavab aldıqdan sonra Azərbaycan gənclərinin xaricdə təhsili üçün yeni təqaüd imkanları yaratmağa ehtiyac olduğu qənaətinə gəlmişdim. Əgər dövlət proqramının müsabiqələrindən müsbət cavab alsaydım, elmi işimi müdafiə etdikdən sonra Azərbaycana qayıdıb 5 il Azərbaycan Dövlət İqtsiad Üniversitetində müəllim işləyəcəkdim. Ancaq Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyinin əməkdaşları dövlət proqramından yararlanmağıma 3 dəfə qəsdən əngəl olmaqla, məndə Qubad İbadoğlu ilə Londonda təhsil fondu təsis etmək fikrinin yaranmasına səbəb oldu”, Qasımovun müraciətində deyilir.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən Azərbaycanda həbs edildim”, o əlavə edib.

O özünə qarşı irəli sürülən ittihamlı “şər-böhtan” hesab edir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Ibrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, fakta söykənməyən əsassız, şəxsi mülahizələrə şərh verilmir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səısinə deyib ki, Fazil Qasımov “aşkar siyasi məhbusdur”.

“Ağır işgəncələr altında Qubad bəyin üzünə durub, bu günsə həqiqətləri deyir. Belə görürəm ki, xüsusilə, Təhsil Fondu ilə bağlı təşəbbüsləri hakimiyyəti qıcıqlandırıb. Fazil Qasımovun hüquqları qorunmalı və belə bir istedadlı gənc ölümə tərk edilməli deyil”, o qeyd edib.

2023-cü il avqustun 8-də Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qasımovun həbsini Amerikanın Səsinə təsdiq etsələr də, onun nədə ittiham olunduğunu deməyiblər.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Amerikanın səsi