Azərbaycanda Aİ-92 benzini, dizel, metro bahalaşdı
Azərbaycanda Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı bahalaşıb.
Bununla bağlı bu gün, iyunun 30-da Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı açıqlanıb.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1.10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Şura artım qərarını ölkədə “AVRO-5 standartına tam uyğun istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi” ilə izah edir.
Aİ-95 benzininin 1 litrinin qiyməti isə iyulun 15-dən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
Metroda gediş haqqı 10 qəpik bahalaşıb
Habelə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 10 qəpik bahalaşaraq 50 qəpik təsdiq edilib.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətləri tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Buna qədər isə bu qiymət 40 qəpik idi.
Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Məsələn, Bakı-Sumqayit avtobusunun qiyməti 60 qəpikdən 70 qəpiyə artırılıb.
Azadlıq radiosu