Paris-2024: Azərbaycan idmançısı qızıl medal qazanıb

Fransada keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərov bugün, iyulun 29-da qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov finalda fransalı Con Benjamin Qabanı məğlub edib.
Mübarizəyə 1/8 finaldan başlayan Hidayət Heydərov bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiadadır.
Bununla da Azərbaycan Fransada keçirilən 33-cü Yay Olimpiya Oyunlarında ilk medalına yiyələnib. 33-cü Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 26-da olub.
Azərbaycan bu yarışlara 15 idman növü üzrə 48 idmançı göndərib. Avqustun 11-dək davam edəcək olimpiadaya 204 ölkədən 10 min 500 idmançı qatılıb.
Artıq bu oyunlar çərçivəsində 20-dən çox ölkə müxtəlif sayda medallar qazanıb.
Azadlıq radiosu