"Lisenziyasız kosmetoloq: Sağlıq riskləri artmaqdadır"

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb

"Lisenziyasız kosmetoloq: Sağlıq riskləri artmaqdadır"

Azərbaycanda kosmetoloji prosedurlarına olan tələbatın artması, bu xidmətləri göstərən "kosmetoloqlar"ın və estetik mərkəzlərin sayının artmasına səbəb olub. Bu vəziyyət qeyri-peşəkar kosmetoloqların sayının da artmasına yol açır. Rəsmi statistikaya əsasən, ölkəmizdə son 5 ildə kosmetoloji prosedurlar nəticəsində zərər çəkənlərin sayı kifayət qədər artıb. Azərbaycan Respublikası Qanununa görə, kosmetoloji iş üzrə özəl tibbi xidmətlərin göstərilməsi üçün lisenziya tələb olunur.

2017-ci il tarixli Nazirlər Kabinetinin 15 may tarixli 206 nömrəli Qərarı ile təsdiq olunmuş "Özəl tibbi fəaliyyəti üzrə lisenziyalasdırılan xidmətlərin və işlərin siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətlərin göstərilməsi tibbin bir sahəsi kimi qeyd edilib. Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş müxtəlif kompleks prosedurlar nəzərdə tutulur. Tibbi kosmetologiya, cərrahi müdaxilələr istisna olmaqla, konservativ və korreksion üsulları əhatə edir.

Tibbi kosmetologiyaya inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları və müalicəvi masaj üsulları aiddir. Bu üsulların hamısı "kosmetoloji" işə aid olduğu üçün müvafiq iş üzrə özəl tibbi xidmətlərin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyəti üzrə müvafiq sertifikata malik həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər.

Lakin, ölkəmizdəki kosmetoloqların böyük əksəriyyətinin lisenziyasız fəaliyyət göstərdiyini deyə bilərik. Xalq.aZ-a daxil olan məlumata görə, lisenziyası olmadan fəaliyyət göstərən kosmetoloqlardan biri sosial şəbəkələrdə "ixtisaslaşmış həkim kosmetoloq Dr.Sara Alizadə" adı ilə reklam edən Sara Əlizadədir. Sara Əlizadənin tibbi təhsili olmasına baxmayaraq, fəaliyyətdə olduğu kosmetologiya sahəsi üzrə lisenziyasının olmadığı bildirilir. O, sosial şəbəkədə yayımladığı reklam çarxında pasiyentlərinin üz və digər nahiyələrinə müxtəlif iynə preparatlarını vurduğunu göstərir.

Bildirək ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum olaraq İqtisadiyyat Nazirliyi, özəl tibbi fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olan müraciətləri Səhiyyə Nazirliyinin rəyini alaraq baxır. Bu səbəbdən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr, özəl tibbi fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyi verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir.

Sara Əlizadə ilə əlaqə saxladıqda, açıqlamasında tibbi təhsili olduğunu, lakin lisenziyanın verilmədiyini qeyd edir. İxtisaslı olaraq fəaliyyətini lisenziyasız necə davam etdirdiyi sualına isə "Yaxşı edirəm, kimsə gedib pul verib lisenziya almalıyım... İcarəyə obyekt götürməliyəm, lisenziya verilsin?" cavabını verir. O, "Araşdırma aparmağınız boş şeydir. Sizin telefonu lazım olan adamlara verəcəyəm" deyərək yayındırmağa çalışır.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, lisenziyasız fəaliyyət göstərən "kosmetoloq" Sara Əlizadə sosial hesablarını bağlayıb və hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalardan yayınmaq üçün bu addımı atmışdır. Araşdırmalarımız davam edir.