"Bakixanovda parkinq problemi sakinləri narahat edir"
Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakin parkinq problemindən şikayətçidir. Bizim.Media-ya daxil olan şikayətə əsasən, Ülvi Rəcəbov küçəsindəki "Bakixanov Rezidens"in sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər.
Sakinlərin bildirdiyinə görə, yaşayış binasının idarəçiləri həyətdə avtomobil saxlamanı qadağan ediblər. Binanın yeralti qarajında yer almaq imkanları da yoxdur. Bu səbəbdən, sakinlər avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Lakin son günlər həmin küçəyə "dayanma-durma qadağandır" işarəsi quraşdırılıb. Nəticədə, avtomobil sahibləri nə edəcəklərini bilmirlər.
Məsələ ilə bağlı "Bakixanov Rezidens"ə əlaqə saxladıq. Qurumdan Fəzli adlı şəxs Bizim.Media-ya bildirdi ki, binanın həyətinə giriş qadağandır: "Həyətdə yalnız sakinlərin istirahəti üçün istifadə olunmalıdır. Orada avtomobil saxlamaq olmaz." Bu halda, "Bina inşa edilərkən niyə avtomobillərin dayanması üçün yer ayrılmamışdır?" sualımıza isə nümayəndə cavab verməkdən boyun qaçırdı. O, "Başqa yerdəyəm, danışa bilmirəm" deyərək telefonun dəstəyini asdı.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, həmin küçəyə yol nişanı yeni quraşdırılıb: "Ona görə də sakinlərə məsləhət görürük ki, AYNA-ya müraciət etsinlər. Onların müraciətinə əsasən AYNA yolun müəyyən hissəsində avtomobil saxlamaq üçün yer ayıra bilərlər." Yeni quraşdırılan yol nişanı ilə bağlı Bakı Şəhər DYP-nin Təbliğat və İctimai İşlər üzrə rəisi Togrul Nəsirli Bizim.Media-ya bildirərək yol nişanlarının quraşdırılmasının AYNA səlahiyyətinə aid olduğunu qeyd etdi.
Nəqliyyat üzrə ekspert Aslan İsaqov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, belə bir vəziyyətdə binanın sakinləri müvafiq orqanlara, yəni Baş Dövlət Yol Polisi İdarəsinə və AYNA-ya yazılı şəkildə müraciət etməlidir. "İrizəçilərin adı çıxılan ünvanda qeydiyyatda olması mütləqdir. Onlar bildirməlidirlər ki, rəsmi şəkildə ev alıblar. Amma avtomobillərini saxlamaq üçün ətraf ərazidə yer yoxdur. Ona görə də yaxın ərazidə avtomobillərinin parklanması üçün yer təşkil edilməlidir," - dedi.
O, əlavə etdi ki, məhz bu müraciətdən sonra AYNA vətəndaşların müraciətini müsbət həll etməlidir və ən yaxın ərazidə parklanma yeri yaradılmalıdır. Bu, tam ödünsüz olmalıdır, çünki bunu "Yol hərəkəti haqqında" qanun və müvafiq təlimatlar deyir. Mövcud qanunvericiliyə görə, belə bir tələb var ki, vətəndaşlar yaşadıqları ərazi üzrə parklanma ilə təmin olunmalıdırlar.
Şikayətlərlə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək. Mövzunu diqqətdə saxlayacağıq.