"Qubada qanunsuz tikililər: Deputat və FHN narahatdır"

Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən gördüyünüz bu obyektlər qanunsuz olaraq inşa edilib və hazırda da inşa edilməkdədir

"Qubada qanunsuz tikililər: Deputat və FHN narahatdır"
Quba şəhərində qanunsuz tikinti Quba şəhəri, Nəriman Nərimanov küçəsi 75 ünvanında yerləşən "Aqua Park" və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən obyektlər qanunsuz olaraq inşa edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli - 0970 və 30 yanvar 2025-ci il tarixli -0067 nömrəli qərarlarına baxmayaraq, ərazidəki həmin tikililərin inşaatı hələ də davam etməkdədir. Rəsmi xəbərdarlığa baxmayaraq, dövlətin bu istiqamətdə olan qanunları göz ardı edilməkdədir. Azərbaycan Respublikası Səhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələbləri pozulmuş, bu tikililər isə ehtiyat fondu təyinatlı torpaqlarda aparılmaqdadır. Təbii ki, tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmamışdır. 7Times.az-in məlumatına görə, tikinti işlərinin dayandırılması üçün FHN tərəfindən sifarişçi "A & J Holding" MMC-yə dəfələrlə rəsmi xəbərdarlıq edilib. Bu MMC, millət vəkili Elibala Məhərrəmzadəyə məxsusdur, konkret olaraq onun qardaşına aiddir. Sonuncu parlament seçkilərindən əvvəl, Elibala Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə etmişdir. Hüquq mühafizə orqanlarına da sözügedən qanunsuz tikililər barədə rəsmi müraciət edilmişdir. DIN-nin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talibov "7Times.az" -a verdiyi açıqlamada bildirib ki, "Məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırma aparılır." "Bələdiyyənin razılığı olmadan, "A & J Holding" MMC-nin Quba şəhərində özbaşına tikdiyi digər bir məkan isə "Sahdag" Hotelidir. Quba şəhəri, Üziz Əliyev küçəsində yerləşən bu Hotelə bitişik yol və sərhəd qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti-quraşdırma işləri aparılmışdır. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yolayrıcılarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb. Deputat Elibala Məhərrəmzadənin mənəvi mülkiyyətində rəsmi olaraq öz qardaşının adına olan bu tikililər inşa edildiyinə görə həm Azərbaycan Respublikası Səhərsalma və Tikinti Məcəlləsinin tikinti tələbləri, həm də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli fərmanın tələbləri pozulmuşdur. Çünki həmin fərmanda nəzərdə tutulduğu kimi, dövlət qurumlarının tikinti barədədə dəfələrlə rəsmi xəbərdarlıq etməsinə baxmayaraq, "A & J Holding" MMC bu xəbərdarlıqlara heç bir mühəl qoymadan özbaşına tikinti işlərini gizli olaraq davam etdirir. Eyni zamanda, ölkə başçısının 2014-cü il tarixli 17 noyabr 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin keçirilməsi qaydaları"nın 2.20 bəndinin tələbinə uyğun olaraq sifarişçi "A & J Holding" MMC-yə tikinti işlərinin dayandırılması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib. Məsələ barədə münasibət almaq üçün deputat Elibala Məhərrəmzadənin köməkçisi Qalib Hidayətov ilə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu bildirərək, məsələni onun işinə heç bir aidiyyatının olmadığını qeyd edib. Qubada və regionun digər rayonlarında son zamanlarda sökülən qanunsuz tikililəri çoxumuz görmüşük. Onların arasında Elibala Məhərrəmzadənin millət vəkili olduğu dairənin seçiciləri də az deyil. Qanun əmrdən onun amiranlığını, əmri isə qanundan onun labüdlüyünü götürür. Maraqlıdır, görə, həmin seçicilər Elibala Məhərrəmzadənin qabuluna gəlib müraciət etmiş olsalar, o, özünün əməl və riayət etmədiyi, mühəl qoymadığı bu qanunların labüdlüyünü o seçicilərə necə izah edəcək? Belə olan halda deyilib, tövsiyə ediləcək bir məqam qalır. Ya mənim yolumu təlqin edin, ya da öz yolunuzu tapan mürsid olun.