"Bakıda təhlükəli toyuq əti aşkarlanıb!"
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparılıb
"Bakıda təhlükəli toyuq əti aşkarlanıb!"

Dünən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "FQ Foodex" MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı dönerxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadəsi müddəti bitmiş 72 kq toyuqFilesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.
Yoxlama zamanı "AL-ASR" markalı çiy mal əti və toyuq əti dönərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərindən at və toyuq DNT-si, çiy toyuq əti dönərindən isə salmonella müəyyən olunub. "Al Asr" markasının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir ki, bunun səbəbi xaricdən gətirilən ət və toyuq məhsullarının qiymətinin ucuz olmasıdır.
Bundan əlavə, bu şirkət əsasən Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəmizə ət gətirir ki, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil. Beləliklə, AQTA hər nə qədər dönərxanalarda mənşəyi məlum olmayan ət aşkar edirsə də, günahın bir ucunun özünə aid olmasını inkar edə bilmir.
Xaricdən gətirilən bütün məhsullar AQTA-nın müvafiq rəy olmadan ölkəyə daxil ola bilmir. Qanuna əsasən həmin məhsullar laboratoriya analizindən sonra rəy alaraq, ölkəyə buraxılmalıdır. Belə olan halda, Bakıda heç də az məşhur olmayan bir şirkətə məxsus dönerxanada mənşəyi məlum olmayan və tərkibində təhlükəli mikrob olan ətin aşkarlanması AQTA-nın öz günahıdır.
AQTA, dondurulmuş ətlərin gətirilməsinə rəy verən yeganə qurumdur. Bu vəziyyət AQTA-nın mənşəyi məlum olmayan ətlərin ölkəyə daxil olmasında maraqlı olduğunu düşündürür. Bunun səbəbi isə bu qurumun üzərinə düşən məsuliyyətin doğru şəkildə icra olunmamasıdır. İddialara görə, bəzi AQTA əməkdaşları ucuz mal və toyuq ətinin ölkəyə idxal biznesində könüllü iştirak edirlər.
Bu durum, qonaq ölkələrdən aşağı keyfiyyətli ucuz ət taparaq, ölkəyə gətirmək və AQTA-nın rəyini asanlıqla almaqla baş verir. İndi sual yaranır: ölkədə yayılan fast-food ticarəti ciddi nəzarət altında olmalıdırsa, AQTA hansı əsasla ölkəyə təhlükəli ətlərin gətirilməsinə göz yumur?
Anlaşılan odur ki, aparılan bu araşdırmalar və ya yoxlamalar sistemli deyil. Bir növ, "bizdə işləyirik" görüntüsü yaratmaqdan ibarət bir fəaliyyət kimi görünür. Bu halda, uzun müddət ciddi xəstəlik mənbəyi olan bakteriyayla bulaşmış ət və ət məhsulları bazara yol aça bilməzdi. Yəni, məhz AQTA-nın məsuliyyətsizliyi və bacarıqsızlığı sayəsində bazara belə məhsullar yol tapır ki, bunun özü də ayrıca araşdırma mövzusudur.
Son olaraq, aşkar edilən "Salmonella" mikrobu ilə bağlı bəzi qeydləri də diqqətinizə çatdıraq. Salmonella çubuqsayaqlı bakteriyalar cinsidir və bəziləri tif, paratif qızdırma və digər salmonellyozların törədicisidir. Elmi araşdırmalara görə, bu bakteriya bağırsaq divarlarına yerləşir və TTSS-1 toksinini yaradır.
Salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Eyni zamanda qida toksikoinfeksiyalarının da əsas səbəbi hesab olunur. Qida məhsullarından insanlara yoluxmuş salmonellalar (S. typhimurium, S.enteritidis və b.) həyati fəaliyyəti dövründə enterotoksinlər, öldükdən sonra isə neyrotrop təsirə malik endotoksinlər ifraz edir. Bu da insanlarda mədə-bağırsaq və sinir pozğunluqları, eləcə də septisemiya ilə nəticələnən qida zəhərlənmələrinə səbəb olur. Salmonelyoza yoluxmuş insanlarda xəstəlik nəticəsində baş verən intoksikasiyalar temperaturun yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, ishal və digər əlamətlərlə müşahidə edilir. Bu xəstəlik təhlükəli hesab olunur.
Məsələ ilə bağlı araşdırmamız davam edir.