"Babək Aslanov: Vətənə sevgisi ilə dolu bir ömür"

Babək Aslanov 8 mart 1974-cü ildə Laçın şəhərində ziyalı ailəsində anadan olub. 1981-1991-ci illərdə Laçın şəhər 1 nömrəli orta məktəbdə oxumuş, Bakı Sosial İdarəetmə və Politologiya institutunu, eləcə də Azərbaycanda Müəllimlər İnstitutunu politoloq və praktik psixoloq ixtisasları üzrə bitirmişdir.
2001-ci ildən Laçın rayon 6 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur. 23 may 2013-cü ildən 26 iyul 2013-cü il tarixinə qədər Laçın rayonu İcra Hakimiyyəti aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləmişdir. 26 iyul 2013-cü ildən 20 dekabr 2013-cü il tarixinə qədər Laçın rayonu İcra Hakimiyyətinin başçısının müavini, İctimai-Siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 20 dekabr 2013-cü ildən 1 mart 2015-ci il tarixinə qədər Laçın rayon İcra Hakimiyyətinin başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri işləmişdir. 1 mart 2015-ci ildən Laçın rayonu İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini vəzifəsində olmuşdur. 25 yanvar 2018-ci ildən öz ərizəsi ilə həmin işdən azad olunmuşdur.
2001-ci ildə yeni yaradılmış Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri (QMƏVSA) ictimai birliyinin Laçın rayon şöbəsinin idarə heyətinə üzv seçilmiş, daha sonra socu sədr müavini təyin olunmuşdur. Hal-hazırda Azərbaycan QMƏVSA ictimai birliyinin Laçın filialının sədvidir. O, həmçinin Azərbaycanın Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvüdür, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Suranın üzvüdür.
Birinci və ikinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu
Babək Aslanov vətənin dar günündə silah sarılıb, vətənin müdafiəsinə yollanır. O, bir neçə dəfə könüllü olaraq orduya yazılıb döyüşlərdə iştirak etməyə cəhd etmişdir, amma bu baş tutmur. Nəhayət 1991-ci ilin noyabr ayında Laçın rayonunda yerləşən 811-nömrəli hərbi hissəyə xidmətə gedir. Həmin dövrdə Laçın, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində gedən döyüşlərdə iştirak edir. O, düşmənin canlı qüvvəsinin məhv edilməsində iştirak edir. 1993-cü ildə hərbi hissə ləğv olunduqdan sonra Laçın rayon Polis şöbəsində işə qəbul olunmuş və Qarabağ uğrunda gedən döyüşlərdə polis nəfəri kimi iştirak etmişdir.
Babək Aslanov heç vaxt vətənin işğalı ilə bağlı barışa bilmirdi. Bu baxımdan Laçın rayonundan olan Birinci Qarabağ müharibəsi veteranları 2016-cı ilin Aprel döyüşlərində vətənin müdafiəsi üçün MN-ə müraciət edərək vətənin müdafiəsinə qalxmışdılar. Hətta 67 nəfər qazi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən dərhal sonra Sərhəd Qoşunlarına müraciət edərək düşmənin təxribat cəhdlərinə layiqli cavab vermək üçün ön cəbhəyə yollanmaq arzularını ifadə etmişdilər.
Döyüşmək, vətəni işğalçılardan azad etmək arzusu ilə yaşayan bu qazilər 27 sentyabrda Vətən Müharibəsi başlayan kimi yenidən müraciət edirlər. MN müraciətləri müsbət qarşılayaraq onların bu döyüşə qatılmasına qərar verir. 30 nəfər qazi-döyüşçü şiddətli gedən döyüş ərazisini yaxşı tanıdıqları və xüsusi əməliyyatlarda iştirak etdiklərinə görə döyüşə cəlb olunur. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin cəbhədə törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən Müharibəsində iştirak etmək sırf onların istəklərini gerçəkləşdirdi. Onlar Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə sücaət göstərdilər, düşmənin canlı qüvvəsinin və ağır texnikasının məhv edilməsində iştirak etdilər. Verdikləri kəşfiyyat məlumatları əsasında Ordumuz düşmənin ön qaynar və vacib strateji məntəqələrini darmadağın edərək böyük qələbəyə nail oldu.
Vətənə sərfli xidmətlərinə görə, 30 nəfər qəhrəman döyüşçü Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşlar.
Babək Aslanov təkcə vətənpərvərlik yox, eyni zamanda alovlu vətənpərvərlik simvolu kimi tanınır. Hərbi dostları onunla bağlı bir xatirəni yaxşı xatırlayırlar: General ona sual verir ki, "Siz əvvəlki müharibələrdə döyüşmüsünüz, qazi olmusunuz, yaxşı işiniz var, bəs indi nədən ötəri döyüşə gedirsiniz?" O, başını dik tutaraq cavab verir: "Mən indi müqəddəs torpaqlarımız uğrunda şəhid olmaq arzusu ilə gedirəm."
Babək Aslanovun həyatı və fəaliyyəti haqqında 33 ili bir səhifəyə yığmaq çətindir. Onun hər addımı, hər kəlməsi vətən eşqi ilə doludur. Bu gün onun doğum günüdür, Allahdan sağlam can və bərəkətli ömür arzulayıram.
Subut Mehdiyev
```