Abseron'da Qanunsuz Tikinti və Sakinlərin Şikayətləri
Abşeron rayonu ərazisində yerləşən və hələ də istismara verilməmiş çoxmərtəbəli yaşayış binasında aparılan tikinti prosesi və sakinlərə qarşı münasibət qanunlara və vətəndaş hüquqlarına açıq-aşkar ziddir
Abseron'da Qanunsuz Tikinti və Sakinlərin Şikayətləri

Abşeron rayonu ərazisində yerləşən və hələ də istismara verilmiş çoxmərtəbəli yaşayış binasında aparılan tikinti prosesi və sakinlərə qarşı münasibət qanunlara və vətəndaş hüquqlarına açıq-aşkar ziddir. Bakunews.az redaksiyasına daxil olan çoxsaylı şikayətlər əsasında yerində aparılan jurnalist araşdırması bir sıra ciddi qanunsuzluqları üzə çıxarıb. Bütün bu proseslərin mərkəzində isə Cavadzadə qardaşları dayanır.
Sakinlər bildirir ki, qaz, su və işıq sayğaclarının quraşdırılması adı altında onlardan 1700-2500 manat arasında ödəniş tələb olunur. Cavadzadə qardaşları bu məbləğin aidiyyəti dövlət qurumlarına ödənildiyini iddia etsələr də, bunu təsdiq edən heç bir rəsmi sənəd təqdim olunmur. Bu pulların əslində kimlərin cibinə getdiyi isə açıq sual olaraq qalır.
Tikinti prosesinə nəzarət edən qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyi (FHN) və Şəhərsalma və Arxitektura Komitəsi, tikinti binasında fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş çıxış yolları, yanğın zamanı istifadə oluna biləcək nərdivan və sistemlərin quraşdırılması vəziyyəti ilə heç bir reaksiya vermirlər. Bu səriştəsizlik, ya da müəyyən dairələrin təsiri altında olmaları böyük sual işarəsi doğurur.
Bina ərazisində zibil problemi ciddi məsələ halına gəlib. Tikinti zamanı yaranan tullantılar bina qarşısında yığılır və onların daşınması üçün sakinlərdən 70-100 manat aralığında ödəniş tələb olunur. Bu tullantıları isə rəsmi deyil, şəxsi avtomobillərlə daşınır ki, bu da qeyri-qanuni qazanc mənbəyinə çevrilir.
Cavadzadə qardaşlarının adlarına keçirilən mənzillər kreditsiz satılır. Bu satış zamanı ƏDV təqdim edilmir, dövlətə ödənilməsi lazım olan vergilər isə gizlədilir. Vergidən yayınma açıq formada həyata keçirilsə də, bu faktlarla bağlı hələ də hüquqi tədbir görülməyib.
Maraqlıdır ki, bina hələ yaşayışa verilməmiş olsa da, sakinlərdən kvadratmetrə görə ayda 0.60 qəpik ödəmə tələb olunur. Heç bir xidmət göstərilmədiyi halda, bu cür ödəmənin tələb olunması həm hüquqi, həm də əxlaqi baxımdan qəbulolunmazdır.
Lift istifadəsi ilə bağlı da ciddi problemlər mövcuddur. Sakinlər liftlə tənzimləmələri üçün 500 manat ödəməyə məcbur edilir. Gələcəkdə liftin yenilənməsi üçün 40 min manat tələb olunacağı bildirilir ki, bu da yeni bir pul yığımı əməliyyatının başlanğıcıdır.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavadzadə qardaşlarına dəfələrlə xəbərdarlıq və tövsiyələr verilsə də, heç bir tədbir görülməyib. Dövlət orqanlarının bu dərəcədə aciz və təsirsiz mövqe tutması ictimaiyyətdə ciddi suallar doğurur.
Bakunews.az jurnalisti məsələ ilə bağlı obyektə yaxınlaşaraq rəhbərlikdən izahat istədikdə, özünü "komendant" kimi təqdim edən şəxs “müdür yoxdur, nömrənizi qoyun, əlaqə saxlanılacaq” deyərək jurnalisti yola salıb. Lakin aylar keçməsinə baxmayaraq, nə cavab verilib, nə də əlaqə saxlanılıb.
Bu qanunsuzluqlar, insan hüquqlarının pozulması və vergi qaçaqmalçılığı faktları dərhal araşdırılmalı və Cavadzadə qardaşları haqqında hüquqi qiymət verilməlidir. Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələyə nəhayət ciddi nəzarət götürməlidir. Əks halda, bu cür cəzasızlıq gələcəkdə daha böyük fəlakətlərin başlanğıcı ola bilər.
Sakinlər təhlükəsizlik, şəffaflıq və hüquq tələb edir - və bu tələblər artıq ertələnməməlidir.
Bakunews.az