Könül Nurullayeva: “Sosial izolyasiya qaydalarına əməl edərək koronavirusdan xilas olmaq mümkündür”

Sosial izolyasiya qaydalarına əməl edərək koronavirusdan xilas olmaq mümkündür.

Könül Nurullayeva: “Sosial izolyasiya qaydalarına əməl edərək koronavirusdan xilas olmaq mümkündür”

ÜMİDTV.com:   Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün dövlətlərin pandemiya ilə mübarizədə milli hazırlıq səviyyəsi böyük əhəmiyyət kəsb edir. Çünki biz bilirik ki, heç bir dövlətin səhiyyə sistemi COVID-19 virusuna hazır deyildi. Sadəcə, çevik və operativ tədbirlər həyata keçirməklə pandemiyaya qarşı mübarizə aparmaq ən effektiv vasitədir:

“Bunu Azərbaycanın nümunəsində daha aydın görmək mümkündür. Virusun aşkarlandığı ilk gündən cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən mübarizə tədbirləri çərçivəsində ilk növbədə atılan addımlardan biri səhiyyə imkanlarının səfərbər edilməsi və karantin infrastrukturunun qurulması oldu. Hazırda Azərbaycanda maska və ya hər hansı qoruyucu vasitələrin qıtlığı yoxdur. Bunun üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb. Eyni zamanda, istər paytaxtda, istərsə də regionlardakı tibb müəssisələri qısa vaxtda hazırlıq vəziyyətinə gətirildi, xəstəliyin vaxtında aşkarlanması və müalicəsi istiqamətində zəruri işlər görüldü”.

Deputat vurğulayıb ki, bu gün ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur:

“O cümlədən, Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında Azərbaycana gətirilərək tibb müəssisələrinə təhvil verilib. Virusun müntəzəm diaqnostikası üçün laboratoriyaların fəaliyyəti təmin edilib.

Məlum olduğu kimi, cənab Prezidentin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb. Yaxın vaxtlarda bu xəstəxanaların istifadəyə verilməsi gözlənilir ki, həmin tibb müəssisələrinə sırf COVID-19-la bağlı xəstələrin yerləşdirilməsi nəzərdə tutulur. Modul tipli xəstəxanaların qurulmasında da məqsəd gələcəkdə təhlükə artdığı halda hazır infrastrukturun təmin olunmasıdır. Çünki biz bilirik ki, dünyanın koronavirus təhlükəsinə qarşı mübarizəsi davamlı olmalıdır. Hazırda peyvənd tapılmadığı üçün bu, çox təhlükəli virus hesab olunur və pandemiyanın 2-ci dalğası hər an baş verə bilər.

Eyni zamanda, bu gün ölkəmizdə əhalinin sağlamlığının təmin olunması üçün ön cəbhədə dayanan səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Prezidentin sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə başlanılıb.

Həmçinin, bu gün səhiyyə işçilərinin ailələrinin sığorta olunması məsələsi gündəmdədir və indiki məqamda bu, çox vacib məsələdir. Bir sözlə, dövlət əhalinin sağlamlığının qorunmasını əsas prioritet kimi qarşıya qoyaraq, pandemiyaya qarşı ən çevik və səmərəli şəkildə mübarizəni davam etdirir. İndiki məqamda “təşviş və etinasızlıq” dövrünə son qoymaqla, sosial izolyasiya qaydalarına əməl edərək koronavirus təhlükəsindən xilas olmaq mümkündür”.