Qvatemala millisinin futbolçusu: “Azərbaycan mətbəxini çox sevirəm” - MÜSAHİBƏ

“Səbail”in qapıçısı Nikolas Haqen klubun saytına müsahibə verib.
Qvatemala millisinin qapıçısı ölkəmiz və karyerası barədə fikirlərini açıqlayıb.
– Beş aya yaxındır buradasınız. Azərbaycan haqqında nələr öyrənmisiniz?
– Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.
– Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?
– Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da addımlarımdan biridir.
– Bu il karyeranıza yeni nələr qatdınız?
– Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.
– Sizi motivasiya edən nədir?
– Hər dəfə özüm-özümü haradan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu mənə inkişaf etməkdə kömək edir.
– Karyeranızda ən yaddaqalan oyun hansıdır?
– 2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. Həmin oyunda Kosta Rikaya 1:0 hesabı ilə qalib gəlmişdik.
– Qvatemalada ən çox nə üçün darıxırsınız?
– Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.
– Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?
– Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komandada hamı bir-birini sevir və hörmət bəsləyir.
– Koronavirusdan necə müdafiə olunursunuz?
– Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.